Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir H.Vəliyev/
Bakıda Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika Akademiyasının təlim kursları təşkil olunub. Bu barədə çərşənbə axşamı Trend-ə təlim kurslarının Təşkilat Komitəsinin rəhbəri Nurlana Məmmədzadə bildirib.
Onun sözlərinə görə, kurslar yanvarın 11-dən başlayıb və ayın 18-dək davam edəcək. Həm nəzəriyyə, həm də praktika üzrə keçirilən təlim kurslarında 16 gimnast iştirak edir. İştirakçılardan ikisi Bolqarıstanı, biri isə Avstriyanı təmsil edir.
Bədii gimnastika üzrə ilk təlim kursları ötən ilin yanvarında Bakıda keçirilmişdi. Ötən il olduğu kimi, bu il də kursların nəticələri üzrə imtahanlar təşkil ediləcək, onların nəticələri üzrə ikinci mərhələyə keçən iştirakçıların adları məlum olacaq. Balların 65 faizini toplayan iştirakçılar təlim kurslarının üçüncü mərhələsində iştirak edə biləcəklər.
Ekspertlərin sırasına Beynəlxalq Gimnastika Federasiyası tərəfdən kursların rəhbəri, Almaniya təmsilçisi Katya Klaynveld daxildir. Böyük Britaniyadan ekspert qismində Nadejda Aleksandrova, Rusiyadan Natalya Qarbulina, Norveçdən isə Lasa Nettum çıxış edir.
Klaynveldin sözlərinə görə, Bakıda təlim kurslarının keçirilməsi üçün yaradılan şərait gözləniləndən daha yaxşıdır: "Mən ilk dəfədir Bakıda oluram. Yalnız onu deyə bilərəm ki, hər şey ən yüksək səviyyədə təşkil olunub. Bu da, əlbəttə, yaddaşlarda çox yaxşı iz qoyur. Mən 2014-cü ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini səbirsizliklə gözləyirəm və yarışın uğurlu olacağına inanıram".