Azərbaycan, Bakı, 29 mart /Trend/
Otüstü hokkeyçilər ölkə çempionatına başlayırlar.
Trend Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən məlumat verir ki, sayca XIII ölkə çempionatının formatında o qədər də böyük dəyişiklik olunmayıb. Təkcə ötən mövsüm yüksək dəstədə Rusiyanın Azov şəhərini təmsil edən kişilərdən ibarət "XK TANA" komandasının iştirakı obyektiv səbəblərdən baş tutmayacaq. Belə olan halda yaz-payız sistemi ilə keçirilən kişilərin və qadınların I dövrə oyunlarında 4 iştirakçı dairəvi sistemlə bir-biri ilə 2 dəfə görüşəcək.
Ötən mövsümdən kişi otüstü hokkeyçilərinin I və II dəstə yarışlarının əvəzinə 15 (1999-2001) və 17 yaşadək (1997-1998) oğlanların birinciliyi keçiriləcək. 17 yaşadək oğlanların mübarizəsində 7 iştirakçı "A" və "B" yarımqruplarında dairəvi sistemlə yarışacaq. "A" qrupuna daxil olan Bakı və Sumqayıt şəhərlərinin "AtaSport, eləcə də "Gəncə" və "Şəki" komandaları paytaxtımızda mübarizə aparacaqlar. "B" qrupunun üzvləri "Olimp"(Masallı), Astara və Lənkəranın "Xəzər" klubları isə Masallı şəhər stadionunda yarışacaqlar.
15 yaşadək oğlanların birinciliyində 8 komanda 2 yarımqrupda mübarizə aparacaq və bütün oyunlar Bakı şəhərində keçiriləcək.
Aprelin 2-dən ilk olaraq yüksək dəstədə yarışan kişi otüstü hokkey komandaları ölkə çempionatının startına çıxacaqlar. Çərşənbə günü saat 14:00-da Azərbaycan çempionu "Akkord" və bu ildən Sumqayıt şəhərini təmsil edən "AtaSport" komandaları qarşılaşacaqlar. Saat 16:00-da isə meydana Bakının "AtaSport" və Qusarın "Şahdağ" klubları çıxacaqlar.
Qadınların və 17 yaşadək oğlanların yarışı aprelin 13-da start götürəcək və oyunlar bir qayda olaraq bazar günləri keçiriləcək.
17 yaşadək oğlanlar isə ölkə birinciliyinə aprelin 19-da qoşulacaqlar və şənbə günləri keçirilən I dövrə oyunlarına mayın 24-də yekun vurulacaq.