...

Məşhur azərbaycanlı K-1 ustası növbəti döyüşünü ABŞ-da keçirə bilər (FOTO)

İdman Materials 27 Oktyabr 2014 17:52 (UTC +04:00)
Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü ABŞ-da keçirə bilər.
Məşhur azərbaycanlı K-1 ustası növbəti döyüşünü ABŞ-da keçirə bilər (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü ABŞ-da keçirə bilər.

Trend-in məlumatına görə, Z.Səmədov jurnalistlərə deyib ki, bundan başqa, ona döyüş keçirilməsi üçün digər təkliflər də gəlib.

Təkliflər arasında gələn ilin fevral-mart aylarında Dubay şəhərində keçiriləcək V "Global Fighting Championship" (GFC) adlı turnirə dəvət də var. "Mauqli" ləqəbli məşhur azərbaycanlı sonuncu döyüşünü də məhz bu turnirdə iranlı döyüşçü Cafar Ahmadiyə qarşı keçirmişdi və qalib gəlmişdi. Döyüş oktyabrın 16-da Dubay şəhərində baş tutmuşdu:

"Bu döyüş bəzi döyüşlərə nisbətən ağır oldu. Müqayisə üçün deyim ki, axırıncıdan əvvəlki döyüşdə 10 saniyəyə nokautla qalib gəlmişdim. İranlı ilə döyüşdə isə 3 raund döyüşdük və xal hesabı uddum. Döyüşün çətin keçməsinin səbəblərinə gəlincə, sözün düzü, tam hazır deyildim, bəzi zədələrim var idi. Bundan başqa, döyüş təklifini cəmi iki həftə əvvəl dedilər. Bu isə hazırlaşmaq üçün az vaxtdır. Amma buna baxmayaraq, qələbə qələbədir. Ən önəmlisi odur ki, qələbə qazanaraq bayrağımızı bir daha göylərə qaldırdıq, xalqımızı, həmçinin məni Azərbaycandan, Rusiyadan dəstəkləmək üçün gəlmiş soydaşlarımızı sevindirdik".

Hazırda istirahət edən Z.Səmədov iki həftədən sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, 30 yaşlı idmançı ən parlaq döyüşlərindən birini 2013-cü ilin may ayında "Leqenda" turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hariyə qarşı keçiribi və inamlı qələbə qazanıb. Belə ki, Z.Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib. Qarşılaşmadan sonra "Pis oğlan" ləqəbi ilə tanınan B.Hari Z.Səmədova əl verməkdən imtina edib. Z.Səmədov isə rinqdə Azərbaycan bayrağı ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq Z.Səmədovu təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti