...

Ən azı 6 bürünc

İdman Materials 6 Noyabr 2014 17:29 (UTC +04:00)
Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub.
Ən azı 6 bürünc

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özlərinə təmin ediblər. 46 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmov Rusiya idmançısı Pavel Ryasnı üzərində qələbə qazanıb - 3:0. Həmyerlimiz yarımfinalda Belarus təmsilçisi Yevgeni Karmilçiklə qarşılaşacaq.

Hacı Dilbazov da (75 kq) ¼ final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz ukraynalı İvan Çubreviçevi mübarizədən kənarlaşdırıb. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Valid Kakayevlə üz-üzə gələcək.

63 kq çəki dərəcəsində çıxış edən Pərviz Quliyev Macarıstan təmsilçisi Mark Kontreç üzərində qələbə qazanıb - 2:1. P.Quliyevin yarımfinalda rəqibi İsa Yevloyev (Rusiya) olacaq.

Bəxtiyar Qazıbəyov (57 kq) Şotlandiya nümayəndəsi Kallium Stüartla döyüşdən qalib ayrılıb - 3:0. Boksçumuz yarımfinalda almaniyalı Jabs Qermannla görüşəcək.

70 kq çəki dərəcəsində mübarizə aparan Rasim Çobanlı da yarımfinalda çıxış edəcək. Belarus idmançısı Mikita Krasnabayev üzərində qələbə qazanan Çobanlı növbəti mərhələdə şotlandiyalı Uilyam Hatçinsonla döyüşəcək.

Qeyd edək ki, buna qədər Məhəmməd Abdullayev də (80+kq) yarımfinala vəsiqə əldə etmişdi. Abdullayev yarımfinalda ukraynalı Vyaçeslav Qavrilyukla görüşəcək.

Yarımfinal görüşləri noyabrın 7-də keçiriləcək. Avropa birinciliyinə isə ayın 8-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti