...

I Avropa Oyunlarında gözdən əlillər arasında cüdo yarışı keçiriləcək (FOTO)

İdman Materials 17 Noyabr 2014 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək birinci Avropa Oyunlarında gözdən əlil idmançılar arasında cüdo yarışının keçiriləcəyini elan edir və səkkiz kişi və səkkiz qadın cüdoçunun yarışacağını təsdiq edir.

Komitədən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Arenasında keçiriləcək və cüdo proqramına tam şəkildə daxil edilmiş bu yarışda ümumilikdə 10 ölkə təmsil olunacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo yarışının idman proqramımıza əlavə edilməsi çox gözəl haldır və dünyanın hər yerindəki idman azarkeşlərinin zövq alacağı birinci Avropa Oyunlarının innovativ və inkluziv idman yarışları olacağının sübutudur. Mən gələn il baş tutacaq Avropa Oyunlarında yarışmaq üçün seçilmiş bütün idmançıları təbrik etmək və Bakı 2015 Avropa Oyunları ilə əlaqədar məşq və hazırlıqlarında onlara uğurlar arzulamaq istərdim".

İdmançılarının iştirakını təsdiqləyən 10 ölkə bunlardır: Azərbaycan, Fransa, Almaniya, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukrayna.

2004-cü il Afina Paralimpiya Oyunlarında və 2008-ci il Pekin Paralimpiya Oyunlarında iki qızıl medal və 2012-ci il London Paralimpiya Oyunlarında bürünc medal qazanmış milli idmançımız İlham Zəkiyev kişilərdən ibarət turnirdə Azərbaycanı təmsil edəcək.

İ.Zəkiyev deyib: "Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında ölkəmi təmsil etmək üçün seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki, mən ilk çempion kimi tarixə düşəcəyəm. Gözdən əlil idmançılar arasında keçirilən cüdo yarışının Bakı 2015 proqramına daxil edilməsi çox gözəldir və Heydər Əliyev Arenasında keçiriləcək yarışda Azərbaycana medal qazandırmaq imkanı əldə etdiyim üçün fəxr edirəm".

Gözdən əlil idmançılar arasında cüdo yarışı bir gün ərzində keçiriləcək və 90 kq-dan artıq çəki dərəcəsi kateqoriyasına daxil olan kişi idmançılar və 57 kq çəki dərəcəsinə qədər kateqoriyaya daxil edilən qadın idmançılar medal uğrunda mübarizə aparacaqlar.

2012-ci il London Paralimpiya Oyunlarında 52 kq çəki dərəcəsinə qədər kateqoriyada qızıl medal qazanmış almaniyalı idmançı Ramona Brussiq qadın idmançıların yarışında favoritlərdən biri olacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O`Kallahan deyib: "Bakı 2015 Avropa Oyunlarında iştirak üçün seçilmiş 16 nəfər idmançı xeyli təcrübəyə malikdir və Avropanın elit idmançılarını təmsil edir. Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo yarışına böyük marağın olacağını gözləyirik. Belə ki, biz layiqli idmançının birinci Avropa Oyunlarının çempionu seçilməsi uğrunda cüdoçular arasında gedən idman yarışına ev sahibliyi edəcəyimizə əminik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti