...

Qadın hokkeyçilərimiz Olimpiya Oyunlarına doğru

İdman Materials 20 Fevral 2015 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Uruqvayın Montevideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası ¼ final mərhələsində də qələbə qazanıb.

Azərbaycan Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın reqlamentinə görə ilkin mərhələdə qrupların qalibləri digər qrupda sonuncu - IV yeri tutan komanda ilə qarşılaşırdı. "A" qrupunda axırıncı yeri tutan Trinidad və Tobaqo hokkeyçiləri ilə qarşılaşma həmyerlilərimizin böyük üstünlüyü ilə keçib və 5:0 hesabı ilə nəticələnib. Həmin oyunda Xatirə Əliyeva və Lyubov Drujinina hərəyə 2 qol vurublar. 5-ci topun müəllifi isə Fəridə Məmmədova olub.

Növbəti Yay Olimpiya Oyunlarına iştirak hüququ uğrunda mübarizəni davam etdirmək üçün fevralın 21-də ¼ finalın qalibləri yarımfinal mərhələsində qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 23:30-da Azərbaycan - İtaliya matçı start götürəcək. Yerli vaxtla saat 20:00-da isə Uruqvay və Meksika komandaları qarşılaşacaqlar.

½ final mərhələsinin qalibləri fevralın 22-də finalda, məğlub olanlar isə III yer uğrunda görüşəcəklər.

Xatırladaq ki, finalçılar Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda III yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Bunun üçün bir qədər gözləmək lazım gələcək. Mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçiriləcək analoji yarışların yekununda III yeri tutanlar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququna sahib olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti