...

Fəxriyar Cabbarov: Şəmkirdə Vüqar Həşimovun adına layiq turnir keçirilir (MÜSAHİBƏ)

İdman Materials 20 Aprel 2015 21:30 (UTC +04:00)
"ShamkirChess 2015" turnirinin təşkilat komitəsinin sədri və "Synergy Group" ASC İdarə heyəti sədrinin 1-ci müavini Fəxriyar Cabbarov yarışın rəsmi saytına müsahibə verib.
Fəxriyar Cabbarov: Şəmkirdə Vüqar Həşimovun adına layiq turnir keçirilir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

"ShamkirChess 2015" turnirinin təşkilat komitəsinin sədri və "Synergy Group" ASC İdarə heyəti sədrinin 1-ci müavini Fəxriyar Cabbarov yarışın rəsmi saytına müsahibə verib. Trend həmin müsahibəni təqdim edir.

- "Shamkir Chess 2015" turniri növbəti dəfə ulduz şahmatçıları Azərbaycana gətirdi. Budəfəki yarış ötən ildən necə fərqlənəcək?

- "ShamkirChess 2015" keçən il olduğu kimi, bu il də "Synergy Group" tərəfindən təşkil olunur. Bu turnir Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına töhfə verən ən mötəbər tədbirlərdəndir. Biz bu dəfə də ötənilki yüksək səviyyənin təkrar olunmasına əminik. Ötən il ilk dəfə keçirilən superturnir məşhur yarışlarla müqayisə olundu. Fikrimizcə, bu dəfə daha maraqlı mübarizə olacaq. Azərbaycanda ilk dəfə şahmat üzrə 3 dünya çempionu eyni turnirdə yarışacaq. Hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq çempionlar Vişvanatan Anandla Vladimir Kramnikin mübarizəsi bütün şahmatsevərlərin diqqət mərkəzində olacaq. Son şahmat tacı uğrunda mübarizədə Karlsenlə Anandın görüşü bütün dünyada maraqla qarşılandı. Onların növbəti qarşılaşması məhz Şəmkirdə baş tutdu. Eyni zamanda, digər məşhur şahmatçılardan olan maraqlı gözləntilərimizi də unutmaq olmaz.

Ümumiyyətlə, 10 günlük turnir sadəcə bir oyun və mübarizə olmayacaq. Aparıcı şahmat ulduzlarının burada iştirakı Azərbaycanı, o cümlədən Şəmkiri dünyanın şahmat mərkəzinə çevirəcək.

- Qeyd etdiyiniz kimi, Şəmkir artıq dünya şahmatının mərkəzlərindən birinə çevrilir. "Linares", "Veyk-An-Zee" kimi "ShamkirChess" turnirinin də davamlı olacağı planlaşdırılırmı?

- "Synergy Group" öz Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsi olaraq ölkədə təhsilin və idmanın inkişafına da böyük dəstək göstərir. Xatırladığınız kimi, ötən il mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2014" şahmat turniri ölkəmizdə, eləcə də Avropada, dünyanın bir sıra ölkələrində böyük maraqla qarşılandı. Dünya mətbuatının bir sıra aparıcı TV, qəzet və saytları bu turnirdən reportajlar hazırladı. Şahmatsevərlər şahmat aləmində yeni nüfuzlu turnirin yarandığını xüsusilə qeyd etdi. Biz istedadlı şahmatçımız Vüqar Həşimovun adına layiqli turnir keçirdik. Əminliklə qeyd edə bilərəm ki, bu il də belə olacaq. Gələcək illər barədə indidən qəti fikir söyləmək çətindir. Hazırda bizim əsas məqsədimiz "ShamkirChess 2015"-i yüksək səviyyədə təşkil etməkdir.

- Bu dəfə yarışda 3 dünya çempionu iştirak edəcək. Təşkilatçılar üçün belə titullu idmançıları qəbul etmək çətin deyil ki?

- Turnirin iştirakçılarına fikir verin. Şəmkir turnirində zəif şahmatçı yoxdur. Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə ulduz qrossmeysterlər çıxış edir. Bu, turnirin səviyyəsindən xəbər verir. Ötən il yarış ilk dəfə keçirilən zaman qonaq şahmatçılar Shamkir Chess-in necə olacağından xəbərsiz idi. Bu dəfə isə müraciət etdiyimiz şahmatçılar böyük məmnuniyyətlə razılıq verdi. Maqnus Karlsen hazırkı dünya çempionudur. Vladimir Kramnik və Vişvanatan Anand sabiq çempionlardır. Fabiano Karuana hazırda şahmat tacına ən iddialı qrossmeyster hesab edilir. Onun partiyaları çox maraqla qarşılanır. Uesli So son dövrlərin ən gənc və böyük ümid bəslənilən şahmatçısıdır. Aniş Giri, Maksim Vaşye-Laqrav özünəməxsus oyun üslubu ilə seçilir. Bizim Şəhriyar Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Rauf Məmmədov isə ölkə çempionatının son qalibi kimi bu yarışda iştirak etmək hüququ qazanıb. Raufun yarışda iştirakı həm də digər yerli şahmatçılar üçün böyük stimuldur.

Gələcəkdə də Azərbaycan çempionatının qalibi olacaq şahmatçının Şəmkirə dəvət alacağı planlaşdırılır. Belə titullu şahmatçıları dəvət etmək çətin olmadı. Çünki artıq Şəmkir turnirinin şahmat aləmində öz çəkisi var.

- Azərbaycanlı şahmatçılar - Şəhriyar Məmmədyarovla Rauf Məmmədovdan hansı nəticəni gözləyirsiniz?

- Biz hər zaman şahmatçılarımıza inanırıq. Məmmədyarovla Məmmədov Azərbaycan yığmasının heyətində iki dəfə Avropa çempionu olublər. Bir sıra beynəlxalq turnirlərin qalibləridir. Ümid edirəm ki, Şəmkirdə layiqli mübarizə sərgiləyəcəklər. Rauf Məmmədov üçün bu, çox ciddi sınaq olacaq. O, güclü şahmatçılara qarşı yarışacaq. Şəhriyar Məmmədyarova gəldikdə, ötən il onun oyunu alınmadı. İnanıram ki, bu dəfə ötənilki çıxışının təsadüfi olduğunu sübut edəcək.

- Sizcə qalib yenə Maqnus Karlsen olacaq, yoxsa bu dəfə turnir fərqli nəticə ilə yekunlaşacaq?

- Əvvəlcədən nəticə barədə danışmaq çətindir. Son turlarda güzəştsiz mübarizə izləyəcəyik. Şəmkirə gələn şahmatçılar özlərini sübut etmiş qrossmeysterlərdir. Karlsen barədə danışanda digər güclü şahmatçıları unutmaq olmaz. Eləcə də Kramnik və Anandı siyahıdan silmək düzgün deyil. Mən İtaliya təmsilçisi Fabiano Karuananı yarışın favoriti hesab edirəm. O, güclü şahmatçıdır. Son dövrlər göstərdiyi nəticələr böyük potensial sahibi olduğunu təsdiqləyir.

- "ShamkirChess" turniri ölkənin idman imicinin möhkəmlənməsinə dəstək olur. "Synergy Group" olaraq idmanla bağlı gələcəkdə daha hansı layihələri həyata keçirəcəksiniz?

- Sirr deyil ki, Azərbaycanda idmanın bütün növləti inkişaf edir. "Synergy Group" olaraq biz davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atırıq və cəmiyyətin inkişafına töhfə veririk. İndiyə qədər velosiped idmanı üzrə "Tur de Azərbaycan" beynəlxalq yürüşünü təşkil etmişik. Eyni zamanda, "Synergy Baku Cycling Project" adlı komandamıza dəstək oluruq. Ardıcıl ikinci il Şəmkirdə beynəlxalq şahmat turniri keçiririk. Bu işlər davam olacaq. "Davamlı gələcəyə doğru" şüarı ilə biz hər zaman Azərbaycan idmanının inkişafı istiqamətində çalışacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti