...

Vladimir Çuçelov: Məmmədyarov ən yaxşı oyununu Kramnikə qarşı keçirdi (MÜSAHİBƏ)

İdman Materials 23 Aprel 2015 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində çıxış edən İtaliya şahmatçısı Fabiano Karuananın məşqçisi Vladimir Çuçelov turnirin rəsmi saytına müsahibə verib. Trend həmin müsahibəni təqdim edir.

- "ShamkirChess 2015" turnirində 5 tur arxada qalıb. Məşqçisi olduğunuz Fabiano Karuananın oyununu necə qiymətləndirirsiniz?

- İlk tur bizim üçün çətin oldu. Startda 4 partiyadan 3-də Karuana qara fiqurlarla oynadı. Sözsüz ki, bu bizim nəticəyə təsir etdi. Maqnus Karlsenlə oynadığı partiyanı xüsusi qeyd etməliyəm. Heç-heçə olduğu zaman Karuana səhvə yol verdi. Beləliklə, Maqnus bu səhvdən istifadə edərək qələbə qazandı. Heç kim izah edə bilmirdi ki, Karuana həmin partiyanı necə uduzdu. Hətta Maqnusun özü də təəccübləndi. 5-ci turda Aniş Giri ilə heç-heçə oynadı. Maraqlı debüt seçimi oldu. Giri ustalıqla müdafiə olunmaqla yarım xal qazandı. Ümumilikdə liderlərdən uzaq olsaq da, son turlarda uğur qazanmağa çalışmalıyıq.

- Digər şahmatçıların oyunu barədə nə düşünürsünüz. Karlsen və Sonun liderliyi gözlənilirdimi?

- Dünya çempionu Maqnus Karlsen uğurlu start götürdü. İlk turda Anandla heç-heçə oynadı, sonrakı turlarda qələbə qazanmaqla xalını artırdı. Sonun liderliyi gözlənilməz olsa da, hələ turnir başa çatmayıb. 5-ci turda Ananda məğlubiyyəti ona pis təsir edə bilər. Vladimir Kramnik 4 tur ərzində stabil oynadı. 5-ci turda Şəhriyara məğlubiyyəti onu geri saldı.

- Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Vladimir Kramnik üzərində qələbəsi 5-ci turun ən maraqlı partiyası oldu.

- 5-ci turda çox maraqlı oyun sərgilədi. Məmmədyarov turnirdə ən yaxşı oyununu Kramnikə qarşı keçirdi. Üstünlük qazandı. Hücuma keçərək Kramnikin istədiyi oyunu göstərməsinə mane oldu. 6 saatdan çox mübarizənin yekununda Şəhriyar qalib gəldi. Məmmədyarovun üstünlüyü oyunun əvvəlindən hiss olunurdu. Bununla belə, sona qədər üstünlüyü saxlamaq asan deyil. Şəhriyar bu qələbədən sonra turnirdə fərqli oyun göstərməlidir.

- Azərbaycan çempionu Rauf Məmmədov karyerasının ən güclü turnirində çıxış edir. Ondan hansı nəticəni gözləmək olar?

- Turnir bütün şahmatçılar üçün çətindir. Raufa gəlincə, onun belə şahmatçılarla oyun təcrübəsi yoxdur. Oyundan əlavə, psixoloji baxımından hazır olmaq vacibdir. Əks halda şahmatçı tez yorulur. Şəmkirdə olan şahmatçılar üçün superturnir adi yarışdır. Onlar çoxdan belə yarışlara öyrəşib. Rauf üçün isə bu yenilikdir. Fikrimcə, hələlik Rauf normal oynayır.

- Siz Karuana ilə yanaşı, Teymur Rəcəbovla da işləyirsiniz. Teymurla hazırlığı davam etdirirsiniz, yoxsa?

- Bir müddət Teymurun səhhətində problem yarandığı üçün fasilə vermişdik. Yəqin, yaxın aylarda hazırlıq bərpa olunacaq. Çünki qarşıdan Bakıda keçiriləcək Dünya Kuboku gəlir. Həmin yarışa hazırlaşmaq çox vacibdir. Dünya Kubokunda mübarizə çox çətin olacaq. Teymur çox yaxşı şahmatçıdır. Son aylar birgə işimizin nəticəsində stabil oyunu bərpa olunub. Əlbəttə, hələ çox çalışmalıyıq. Lakin fikrimcə, iddialı Rəcəbov artıq qayıdır.

- Sonda "ShamkirChess 2015" turniri haqda danışardıq. Yarış yadınızda necə qalacaq?

- Şəmkir turniri hər zaman xoş xatirələrlə yada salınır. Məşhur şahmatçı Vüqar Həşimov anılır və həmkarları onun xatirə turnirində böyük həvəslə iştirak edir. Burada yüksək qonaqpərvərlik görürük. Hər bir şahmatçıya özəl münasibət bəslənilir. Hər zaman Şəmkirə gəlməyə çox şad oluruq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti