...

Azərbaycanlı gimnast: Yerli publika qarşısında çıxış olduqca həyəcanlıdır

İdman Materials 5 Mart 2016 14:21 (UTC +04:00)
Bakıda yerli publika qarşısında çıxış etmək xarici yarışlarda iştirakdan daha həyəcanlıdır.
Azərbaycanlı gimnast: Yerli publika qarşısında çıxış olduqca həyəcanlıdır

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda yerli publika qarşısında çıxış etmək xarici yarışlarda iştirakdan daha həyəcanlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə batut gimnastikası üzrə Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edən Ruslan Ağamirov deyib.

O, birinci qrup idmançıların çıxışından sonra mütləq hərəkətlərdə 45,840 bal və sərbəst hərəkətlərdə 55,770 bal toplayaraq ümumulikdə 101,610 ballıq nəticə ilə təsnifatda dördüncü mövqedə qərarlaşıb.

R.Ağamirov pis çıxış etmədiyini deyib: "Bir az həyəcan var idi, hər halda evdə çıxış etmək asan deyil, hamı istəyir ki, biz yaxşı çıxış edək. Prinsipcə hər şey etdim, daha da yaxşı ola bilərdi. Fikrimcə, hər şey normaldır. Bir neçə cüzi səhvlər buraxdım, zənnimcə, finala çıxa biləcəyəm".

O qeyd edib ki, batut elə idman növüdür ki, burada həyəcanın öhdəsindən gəlmək lazımdır, buna görə də özünü kökləməyə məcbursan: "Özünü elə kökləməlisən ki, sanki məşqdəsən, çünki nə qədər yarış barədə düşünürsən, bir o qədər həyəcanlanırsan. Bütün yaxınlarıma, dostlarıma, yığmadakı yoldaşlarıma, publikaya mənə azarkeşlik etdiklərinə və dəstəklədiklərinə görə təşəkkür edirəm".

Gimnast əlavə edib ki, 2016-cı ildə növbəti hədəflərdən biri martın sonunda Avropa çempionatında uğurla çıxış etməkdir: "Ayın sonunda Valyodaliddə baş tutacaq Avropa çempionatında yarışlar komanda hesabında keçiriləcək. Finala çıxmağa çox ümid edirik. Orada medallar uğrunda mübarizə aparmaq lazımdır".

Qeyd edək ki, martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti