...

Mariana Vasileva: Bədii gimnastikanın İslamiadaya salınması Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində mümkün oldu

İdman Materials 8 May 2017 17:51 (UTC +04:00)
Bədii gimnastikanın ilk dəfə İslam Həmrəyliyi Oyunlarının proqramına salınması bu idman növünün inkişafı üçün böyük təkandır.
Mariana Vasileva: Bədii gimnastikanın İslamiadaya salınması Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində mümkün oldu

Bakı. Yelena Kosolapova - Trend:

Bədii gimnastikanın ilk dəfə İslam Həmrəyliyi Oyunlarının proqramına salınması bu idman növünün inkişafı üçün böyük təkandır.

Bunu Trend-ə müsahibəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

M.Vasileva qeyd edib ki, bədii gimnastikanın İslam Həmrəyliyi Oyunlarına salınması Azərbaycanın Birinci vitse-prezidenti, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində mümkün olub: “Mehriban xanım növbəti dəfə göstərməyə çalışır ki, müsəlman qadınları kişilərlə bərabər bütün idman növlərində iştirak edə və mükafatlar uğrunda mübarizə apara bilərlər”.

Baş məşqçi bildirib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə bütün növlərdə təmisl olunur: "Oyunlarda 5 dəst medal uğrunda mübarizə gedəcək – komanda hesabında və dörd hərəkətdə. Fərdi çoxnövçülük və qrup hərəkətləri proqrama daxil deyil".

M.Vasileva əlavə edib ki, əvvəlcə qrup hərəkətlərinin proqrama salınması nəzərdə tutulsa da, bəzi nüansları həll etmək mümkün olmayıb: "Nəticədə yalnız iki komanda – Azərbaycan və Özbəkistan milliləri iştirak üçün ərizə verib".

Onun sözlərinə görə, İslam Oyunlarında Azərbaycanı 3 gimnast təmsil edəcək: "Azərbaycanı Avropa Oyunlarının gümüş mükafatçısı Marina Durunda, gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Jalə Piriyeva və gənc və istedadlı gimnast Zöhrə Ağamirova təmsil edəcək. Oyunların qaydalarına əsasən bir komanda maksimum 3 gimnastla təmsil oluna bilər".

Baş məşqçi qeyd edib ki, bu, komandanın lideri Marina Durunda üçün zədədən sonra ilk yarış olacaq: “Ay yarım əvvəl Marina əla formada idi, çıxış etməyə və fikrimcə, mükafatlar uğrunda mübarizə aparmağa hazır idi. Amma təəssüf ki, Fransada məşqlər zamanın zədə alması onun ay yarım meydançadan kənar qalmasına səbəb oldu”.

M.Vasileva Z.Ağamirovadan yaxşı çıxış gözləyir: “O, aprelin sonunda həyatında ilk dəfə Dünya Kubokunda iştirak etdi. Zöhrə hər 3 növdə də parlaq çıxış etdi. Daha sonra Bolqarıstanda beynəlxalq turnirdə iştirak edib və 4 növdə finala çıxıb. Bu, çox yaxşı göstəricidir”.

O vurğulayıb ki, yarışlarda Azərbaycan komandasının əsas rəqibi Özbəkistan komandası olacaq: "Özbəkistan komandasının lideri Olimpiya Oyunlarında 12-ci yeri tutmuş Anastasiya Serdyukovadır. Bundan başqa, İslam Həmrəyliyi Oyunlarında ötən ay Dünya Kubokunda iştirak etmiş Sabina Taşkenbayeva da çıxış edəcək".

Baş məşqçinin sözlərinə görə, yeni qaydalar elədir ki, istənilən səhv mükafat yerlərinə şansları tamamilə azaldır.

Komandanın IV İslam Həmrəyliyi Oyunlarında çıxışından gözləntilərindən danışan M.Vasileva ümid edir ki, hər şey düşünüldüyü kimi alınacaq və Milli Gimnastika Arenasında yenə də Azərbaycan himni səsləndiriləcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti