Bakı. Trend:
2019-cu ildə UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının turnirlərin final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq.
Trend-in məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O qeyd edib ki, prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımi qaydada hazırlanaraq, UEFA-ya təqdim olunub:
"Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. Bu gün UEFA-da Yüksək İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. Buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.