...

2017-ci ildə yüksək nəticə göstərən məşqçi-müəllimlər və idmançılar təltif olunub (FOTO)

İdman Materials 25 Dekabr 2017 17:13 (UTC +04:00)
2017-ci ildə yüksək nəticə göstərən məşqçi-müəllimlərinin və idmançılarının təltif olunma mərasimi keçirilib.
2017-ci ildə yüksək nəticə göstərən məşqçi-müəllimlər və idmançılar təltif olunub (FOTO)

Bakı. Trend:

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəblərinin və Uşaq-Gənclər İdman Məktəblərinin (İOEUGİM) 2017-ci ildə yüksək nəticə göstərən məşqçi-müəllimlərinin və idmançılarının təltif olunma mərasimi keçirilib.

Təhsil” Respublika İdman Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin təşkilatçılığı ilə təşkil edilən tədbirin keçirilməsində əsas məqsəd məşqçi-müəllimlərinin və idmançıların əməyinin qiymətləndirilməsi, gələcəkdə onların daha yüksək nəticələr əldə etmələrinə stimulun formalaşdırılmasından ibarət idi.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, məşqçi-müəllimlər, idmançılar, mediya nümayəndələri iştirak edib.

Ümumilikdə tədbirdə 2017-ci ildə müxtəlif idman növləri üzrə yüksək nəticə əldə etmiş 22 idmançı, uşaq-yeniyetmə və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğində səmərəli fəaliyyət göstərdiyinə görə isə 26 məşqçi-müəllim təltif edilib.

“Təhsil” Respublika İdman Mərkəzi ölkəmizdə uşaq-gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində, onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsində xüsusi rol oynayır.

“Təhsil” Respublika İdman Mərkəzi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman yönümlü idarəetmə qurumudur. Hazırda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərində 29 idman növü inkişaf etdirilir, 56 712 nəfər idmançı məşğul olur, 2889 məşqçi-müəllim çalışır.

Mərkəz Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman-şahmat məktəblərinin fəaliyyətlərini əlaqələndirir, onlara metodiki rəhbərliyi həyata keçirir, həmin məktəblərin idmançıları, təhsilalanlar arasında təqvim planına uyğun olaraq idman növləri üzrə yarışlar keçirir, yığma komandaları formalaşdırır, onların ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin edir.

Mərkəz fəaliyyətini həm də aidiyyəti dövlət, beynəlxalq və yerli qeyri hökumət, idman təşkilatları ilə işgüzar əməkdaşlıq şəraitində qurur.

Mərkəz tərəfundən 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növlərini məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi tədbirləri, 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan və 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları”, Mini futbol üzrə “Nardaran kuboku”, şahmat üzrə respublika çempionatı, “Xocalı” Soyqırımı şəhidlərinin xatirəsinə həsr edilmiş Respublika şahmat truniri, Respublika Şahmat festivalı, sərbəst güləş, boks, ağır atletika, cüdo idman növləri üzrə yarışlar keçirilib.

2017-ci ilin son altı ayı ərzində “Təhsil” RİM-in idmançıları ümumilikdə 855 medal qazanıb. Bunlardan 724 medal (245 qızıl, 189 gümüş, 290 bürünc) respublika, 131 medal (60 qızıl, 23 gümüş, 48 bürünc) beynəlxalq yarışlarda qazanılıb.

Eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarında mərkəzin 15 nəfər idmançısı iştirak edib, onlardan Ramil Qasımov cüdo (paralimpiya) idman növündə I yeri, Orxan Nuruyev Yunan-Roma güləşində I yeri, Səkinət Abbasova həndbol idman növü üzrə I yeri, Yuliya Stisyuk sərbəst üsulla üzmədə III yeri tutublar.

Ölkəmizdə keçirilən Ümumdünya şahmat olimpiadasında “C” qrupunda I yeri tutmuş ölkə yığma komandasının tərkibində mərkəzinin 11 şahmatçısı çıxış edib. Monteneqro və Rumuniyada keçirilən şahmat üzrə məktəblilərin Avropa və dünya çempionatlarında şahmatçılarımız ümumilikdə 10 medal qazanıb.

Aparılan işlərin nəticəsidir ki, 2017-ci ildə göstərdiyi səmərəli fəaliyyətinə görə mərkəz “Sport Time” jurnalının “2017-ci ilin ən yaxşıları müsabiqəsi” üzrə “İlin ən yaxşı idman mərkəzi” nominasiyasının qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti