Bakı. Maksim Tsurkov - Trend:
Bakıda keçiriləcək batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında Azərbaycan gimnastlarının əsas məqsədi öz bacarıqlarını göstərməkdir.
Bunu Trend-ə batut üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin deyib.
Onun sözlərinə görə, Avropa çempionatında batutda tullanmada ölkəni böyüklər arasında İlya Qrişunin və Ruslan Ağamirov təmsil edəcək:
“Onlar həm fərdi, həm də sinxron proqramda çıxış edəcək. 2019-cu il Avropa oyunlarına vəsiqə qazanmaq üçün finala çıxmağa çalışacağıq”.
Baş məşqçi qeyd edib ki, qadınlar arasında Azərbaycanı Svetlana Makştaryova və Veronika Zemlyanaya təmsil edəcək:
“Onlar ötən dünya çempionatında yeddinci yeri tutublar. Hesab edirəm ki, onlar ilk beşliyə düşə bilərlər”.
V.Şulikin əlavə edib ki, Riyad Abbasov Azərbaycanı yunior oğlanlar proqramında, Selcan Mahsudova yunior qızlar proqramında təmsil edəcək.
Qeyd edək ki, 12-15 aprel tarixlərində Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.
Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.
Yarışların 1-ci və 2-ci günləri həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri baş tutacaq və komandalar arasında finallar keçiriləcək. 14 aprel tarixində isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.
Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.