Bakı. Rəşid Şirinov - Trend:
Azərbaycan Gimnastika Federasiyası dünyada ən güclü federasiyalardan biridir.
Bu barədə Səudiyyə Ərəbistanının Gimnastika Federasiyasının idarəedici direktoru Rakan Abdulla Əl-Fehayd Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresi çərçivəsində Trend-ə açıqlamasında bildirib.
Əl-Fehayd qeyd edib: "Konqresdə kvalifikasiya sistemləri, hakim kursları və gimnastikanın gələcəyi üçün digər mühüm məsələlər müzakirə olunur".
Səudiyyə Ərəbistanının Gimnastika Federasiyasının idarəedici direktoru əlavə edib ki, parkurun (maneələrin dəf edilməsi) 2021-ci ildə gimnastika növlərinin siyahısına daxil edilməsi planlaşdırılır.
İdarəedici direktor Bakıda son illər ərzində keçirilən idman yarışlarını xüsusi vurğulayıb: "Biz Bakıda əvvəl də olmuşuq, 2018-ci ilin mart ayında idman gimnastikası üzrə Dünya Kubokunda. Azərbaycan Gimnastika Federasiyası möhtəşəm yarış təşkil etmişdi. Həmçinin 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunları da keçirilib. Əminəm ki, Azərbaycan böyük uğurla daha çox tədbirləri keçirə bilər".