...

Azərbaycanlı gimnast: Çıxışdan sonra xoreoqraf məni təriflədi

İdman Materials 7 Dekabr 2018 17:26 (UTC +04:00)
Mən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində çıxışımdan razı qaldım.
Azərbaycanlı gimnast: Çıxışdan sonra xoreoqraf məni təriflədi

Bakı. Cani Babayeva - Trend:

Mən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində çıxışımdan razı qaldım.

Bunu Trend-ə “Ocaq” idman klubunun gimnastı Fatimə Əkbərova deyib.

O, çıxışının normal olduğunu bildirib: “Bir qədər topla kompozisiya alınmadı. Çıxışlar arasında ən çox lentlə çıxışımı bəyəndim. Gürz və halqa ilə daha yaxşı nəticə göstərə bilərdim. Çıxışdan sonra xoreoqraf məni təriflədi”.

Onun sözlərinə görə, Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb:

“Sevinirəm ki, bu arenada keçirilən yarışda iştirak edirəm. Daha çox yarışda iştirak etdikcə, təcrübəm də artır. Əgər çıxışlarda əvvəl qorxurdumsa, indi çox az həyəcanlanıram”.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti