Bakı. Trend:
Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Qarabağ atları 19-23 dekabrda “Olimpiya London Beynəlxalq Atçılıq Şousunda” şou proqramla çıxış edəcəklər.
Federasiyadan Trend-ə verilən məlumata görə, Qarabağ atlarının 10-13 may 2018-ci il tarixlərdə Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanmışdı. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan nümayəndə heyəti yenidən "Olimpiya London Beynəlxalq At Şousu"nda iştirak üçün dəvət olunub.
Federasiyanın Olimpiya üçün hazırladığı nümayiş "Odlar yurdu Azərbaycan və Qarabağ Atı” kimi tanınır. Nümayiş 12 at və çapardan ibarət olacaq.
Nümayişin məqsədi ölkəmizin mədəni irsini qlobal auditoriyaya çatdırmaqdır.