...

Respublika Şahmat Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

İdman Materials 10 May 2019 11:56 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən Respublika Şahmat Festivalı başa çatıb
Respublika Şahmat Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Şahmat” fənni tədris olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında Respublika Şahmat Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən mükafatlandırma mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak edib.

Tədbirdə çıxış edən Təhsil Nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işlər haqqında mərasim iştirakçılarına geniş məlumat verib. Eyni zamanda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, şahmat idman növünün uşaqlar üçün əhəmiyyətindən danışaraq, gənc şahmatçılara uğurlar arzulayıb.

Çıxışlardan sonara qaliblərin mükafatlandırma mərasimi başlayıb. II, III və IV siniflər üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar Təhsil Nazirliyi tərəfindən diplom,medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti