...

Biz istədiyimizə nail olduq – qızıl medal qazanan Azərbaycan gimnastları

İdman Materials 26 May 2019 23:35 (UTC +04:00)
Biz layıqli çıxış etdiyimizə və qızıl medal qazandığımıza görə xoşbəxtik
Biz istədiyimizə nail olduq – qızıl medal qazanan Azərbaycan gimnastları

Bakı. Cani Babayeva - Trend:

Biz layiqli çıxış etdiyimizə və qızıl medal qazandığımıza görə xoşbəxtik.

Bunu Trend-ə aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aerodans proqramı üzrə birinci yeri tutan Azərbaycan gimnastları bildiriblər.

Gimnastlarımız deyiblər: "Biz medallar barədə düşünmürdük, bizim üçün vacib olan finala qədər və finalda yaxşı çıxış etmək idi. Biz istədiyimizə nail olduq. Biz idmançıları hər şeydə dəstəkləyən Azərbaycan Gimnastika Federasiyasına, eləcə də bizə azarkeşlik edən tamaşaçılara minnətdarlığımızı bildiririk".

İdmançılar qeyd ediblər ki, bütün auditoriya onlarla birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər və bu hissi sözlə ifadə etmək mümkün deyil.

Qeyd edək ki, Azərbaycan komandasını aerodans proqramında Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva təmsil edib.

Bakıda Milli Gimnastika Arenasında 24-26 may tarixlərində aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilib. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edib.

Üçgünlük çempionatda böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep proqramlarında çıxış ediblər.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edib - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti