Bakı. Trend:
Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı İspaniyanın “Vilyarreal” klubu ilə görüşün baş tutmayacağı ilə bağlı məlumat yayıb.
Trend klubun saytına istinadla xəbər verir ki, məlumatda “Qarabağ” komandasının üzvlərinin oyundan əvvəl növbəti dəfə koronavirus testi verdiyi qeyd olunub. Bildirilib ki, klubun daha iki futbolçusunun - Şahruddin Məhəmmədəliyev və Xayme Romeronun testlərinin nəticəsi pozitiv olub. Ötən testin nəticələri pozitiv olan 7 futbolçunun - Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinanın da nəticələri eyni olub.
Klubun daha futbolçularından Bədavi Hüseynov və Patrik Andrade də zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə məşqləri tam bərpa etməyib.
Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) “Vilyarreal”la oyunda iştirak edə bilməyəcək.
Dekabrın 10-da komandanın “Vilyarreal” ilə matçı baş tutmayacaq və qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.