...

Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)

İdman 24 Yanvar 2022 18:34 (UTC +04:00)
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, milli komandaların baş məşqçıləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən Trend-ə bildirilib ki, Bakı Su İdmanı Sarayında baş tutan görüşdə federasiyanın prezidenti Xanlar Fətiyev, Vitse prezident Elçin Həsənov, federasiyanın baş katibi Fərid Bənənyarlı, Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov, Su polosu üzrə millinin baş məşqçisi Azər Babayev, Bədii üzgüçülük üzrə millinin baş məşqçisi Elena Şipova və digər nümayəndələr iştirak edib. Görüşdə Üzgüşülük federasiyasına daxil olan su idmanı növlərinin inkişafı, qarşıda duran əsas məsələlər, idmançıların yarışlara hazırlığı, regionlarda su idman növlərinin daha da təkmilləşdirilməsi və digər məsələlər müzakirə olundu. Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev bu günə qədər görülən işlər barədə nazir müavinini məlumatlandırdı və növbəti illərdə qarşıda duran əsas vəzifələrdən danişdi.

O qeyd etdi ki, bu gün nəinki Bakida, digər regionlarda da gənclərin su idman növlərinə marağını daha da artıqmaq məqsədilə xüsusi inkişaf proqramı hazırlanır. Bu proqram çərçivəsində regiondalarda kütləviliyin təmin olunması məqsədilə xüsusi təbliğat işlərinin aparılması nəzərdə tutulur. Bundan başqa regionlarda su idman növləri üzrə məşqçilərin xüsusi seminarlara və treninqlərə cəlb edilməsi, o cümlədən Azərbaycanın digər şəhər və rayonlarında su hövzələri olan komplekslərlə six əməkdaşlıq edilməsi federasiyanın gələcək planları sırasındadir. Görüşdə iştirak edən vitse president Elçin Həsənov Su İdman sarayında işlərin yüksək səviyyədə təşkil edildiyini söyləyərək Bakıda su idman növlərinə marağın böyük olduğunu vurğuladı.

Söhbət çərçivəsində Gənclər və idman nazirinin müavini Mariana Vasileva regionlarda su idman növlərinə marağın daha da artırılması, yerlərdə məşqçilər üçün seminarların təşkili, təbliğat işlərinin aparılmasının gücləndirilməsi təkliflərini yüksək qiymətləndirdi. Nazir müavini regionlarda idman komplekslərinin rəhbərləri üçün Bakı Su İdman sarayında xüsusi marketinq seminarlarının keçirilməsini, komplekslərin maddi-texniki baximdan yüksək səviyyədə saxlanılması üçün yeni ideyaların verilməsi və aşılanmasını məqsədə uyğun saydı.

Görüş zamanı regionlarda su idman növləri üzrə yerli klubların yaradılması və inkişaf etdirilməsi mövzusu da xüsusi vurğulandı. Milli komandaların məşqçiləri qeyd etdilər ki, regionlarda nə qədər yerli klublar çox olarsa su idman növü üzrə yerli idmançılar arasında seçim etmək və yüksək bacarığa malik idmançılar yetişdirmək asan olar.

Söhbət zamanı federasiyanın fəaliyyətinin daha da inkişaf etdirmək, yerlərdə gənclərin su idman növlərinə maraqlarını artırmaq məqsədilə valideynlər üçün xüsusi açıq qapıların təşkil edilməsi, onların övladlarının sağlamlığı üçün su idman növlərininin vacibliyini müzakirə edilməsi qərara alındı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti