...

Selcan Maqsudovadan layiqli çıxış gözləyirik - Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə

İdman Materials 12 Fevral 2022 13:55 (UTC +04:00)
Selcan Maqsudovadan layiqli çıxış gözləyirik - Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastı Selcan Maqsudovadan layiqli çıxış gözləyirik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O xatırladıb ki, 2021-ci ilin noyabrında Bakıda keçirilmiş batut gimnastikası və tamblinq üzrə yaş qrupları yarışlarında Selcan Maqsduova finalda dördüncü yeri tutdu. "Ötənilki Avropa çempionatında isə böyüklər yaş kateqoriyasında finala çıxmışdı. Ümid edirəm ki, bu yarışda gimnastımız öz proqramını uğurla yerinə yetirəcək", - deyə o bildirib.

N.Məmmədzadə xatırladıb ki, batut gimnastikası üzrə Dünya Kuboku iki gün, fevralın 12-13-də keçiriləcək.

"Yarışların ilk günü təsnifat mərhələsi keçirilir. Sabah kişilər arasında fərdi proqramda ikinci təsnifat mərhələsi, daha sonra həm fərdi, həm də sinxron proqramda finallar keçiriləcək. Bu yarış yeni Olimpiya dövründə ilk Dünya Kubokudur və yeni qaydalara uyğun keçirilir. Ona görə də bu, iştirakçılar üçün yeni qaydalarda öz güclərini sınamaq üçün imkandır", - N.Məmmədzadə deyib.

Onun sözlərinə görə, kişilər arasında təsnifatın iki mərhələsi yenilikdir və bu Dünya Kubokunda ilk dəfə tətbiq olunacaq.

N.Məmmədzadə vurğulayıb ki, Azərbaycanda batut gimnastikası üzrə yarışlar 2016-cı ildən keçirilir. Bu, Bakıda keçirilən sayca beşinci batut gimnastikası üzrə Dünya Kubokudur.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək. Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti