...

Biz həmişə Azərbaycana böyük məmnuniyyətlə gəlirik - Qazaxıstanlı gimnast

İdman Materials 12 Fevral 2022 20:53 (UTC +04:00)
Biz həmişə Azərbaycana böyük məmnuniyyətlə gəlirik - Qazaxıstanlı gimnast

Bakı. Cani Babayeva - Trend:

Biz həmişə Azərbaycana böyük məmnuniyyətlə gəlirik.

Bu barədə Trend-ə Qazaxıstan idmançısı, Bakıda batut gimnastikası üzrə Dünya Kuboku yarışlarının iştirakçısı İqor Qraçov bildirib.

"Azərbaycan gözəl ölkədir, Bakı gözəl şəhərdir. Qazaxıstan yığması burada təkcə yarışlarda deyil, həm də təlim-məşq toplanışlarında olur. Bakıda yarışların təşkili həmişə ən yüksək səviyyədədir - rahat zal, əla avadanlıq, idmançılara məhsuldar məşq və uğurlu çıxışlar üçün lazım olan hər şey var", - deyə İ.Qraçyov vurğulayıb.

Qazaxıstanlı gimnast yarışdakı çıxışından danışaraq, onun yaxşı keçdiyini qeyd edib:

"Hazırda yeni qaydalar olduğundan, eyni kombinasiyanı yerinə yetirmək üçün iki cəhdimiz olub. İkinci çıxışda kombinasiyanı daha yaxşı etməyə bacardım. Ola bilsin ki, biz hələ yeni qaydalara tam uyğunlaşmamışıq, amma ümumilikdə onların mahiyyəti başa düşmüşük".

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti