...

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk gününün finalçıları

İdman Materials 31 Mart 2022 21:23 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk gününün finalçıları
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının birinci gününün nəticələrinə əsasən kişilər arasında - sərbəst hərəkətlər, paralel qollar və halqalar üzərində hərəkətlər, qadınlar arasında - dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətlərdə finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, sərbəst hərəkətlərində Artem Dolqopyat (İsrail), Nikolo Mozzato (İtaliya), Antonios Tantalidis (Yunanıstan), Adam Stil (İrlandiya), İlya Kovtun (Ukrayna), İmon Montqomeri (İrlandiya), Utkirbek Juraev (Özbəkistan) və Adem Asil (Türkiyə) finala yüksəliblər. Sərbəst hərəkətlər nümayiş etdirən Azərbaycan gimnastı Mənsum Səfərov 11.200 xalla 33-cü yeri tutaraq finala vəsiqə qazana bilməyib.

Halqalar üzərində hərəkətlərdə Salvatore Mareska (İtaliya), İbrahim Çolak (Türkiyə), Adem Asil (Türkiyə), Van Han Phonq Nquyen (Vyetnam), Konstantinos Konstantinidis (Yunanıstan), Nikita Simonov (Azərbaycan), Vintsens Hok (Avstriya) və Alexander Diab (ABŞ) finala yüksəliblər.

Paralel qollar üzərində hərəkətlərdə Ferhat Arıcan (Türkiyə), İlya Kovtun (Ukrayna), Kristian Balaj (Macarıstan), Milad Kərimi (Qazaxıstan), Marios Qeorqiu (Kipr), Co Freyzer (Böyük Britaniya), Nikolaos İliopoulos (Yunanıstan) və İvan Tixonov (Azərbaycan) finala yüksəliblər.

Qadınlarda dayaqlı tullanma yarışlarında Valentina Qeorqiyeva (Bolqarıstan), Teya Belak (Sloveniya), Oksana Çusovitina (Özbəkistan), Çenqe Mariya Baçkai (Macarıstan), Tyasa Kisselef (Sloveniya), Maysa Kuusikko (Finlandiya), Pranati Nayak (Hindistan) və İoana Stançulesku (Rumıniya) finala yüksəliblər. Bu proqramda da çıxış edən Azərbaycan gimnastı Samirə Qəhrəmanova 12,166 xalla 17-ci yeri tutaraq finala vəsiqə qazana bilməyib.

Müxtəlif hündürlüklü qollarda hərəkətlərdə Naomi Visser (Hollandiya), Lorett Şarpi (Fransa), İoana Stançulesku (Rumıniya), Vera van Pol (Hollandiya), Sara Foss (Almaniya), Karolin Pedro (Braziliya), Sevgi Kaisoğlu (Türkiyə), Lea Maria Kvaas (Almaniya) finala yüksəliblər. Bu proqramda çıxış edən Azərbaycan idmançısı Milana Minakovskaya finala vəsiqə qazana bilməyib. O, 10,366 xal toplayaraq 23-cü yeri tutub.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti