...

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 24 Aprel 2022 14:58 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun fərdi və qrup hərəkətləri üzrə qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, halqa ilə hərəkətlərdə birinci yeri Sofiya Raffaelli (İtaliya), ikinci yeri Boryana Kaleyn (Bolqarıstan), üçüncü yeri Adi Asya Kats (İsrail) tutub.

Qalib və mükafatçılara medalları Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, FIG (Beynəlxalq Gimnastika Federasiyası) Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Lyubov Çerkaşina, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Topla hərəkətdə Boryana Kaleyn (Bolqarıstan) qızıl, Milena Baldassarri (İtaliya) gümüş, Sofiya Raffaelli (İtaliya) bürünc medala sahib olublar.

Qalib və mükafatçılara medalları Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev, FIG Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova və yarışın yerli təşkilat komitəsinin nümayəndəsi Kamran Ramazanov təqdim edib.

Azərbaycan komandası beş halqa ilə qrup hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, İtaliya komandası ikinci, İsrail komandası üçüncü yeri tutub.

Qalib və mükafatçılara medalları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, Beynəlxalq Gimnastika Federasiyasının texniki nümayəndəsi Kerlayn Hant, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi, beynəlxalq dərəcəli hakim Evgeniya Jidkova təqdim ediblər.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur: Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının "gümüş" medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti