Bakı. Trend:
Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində iştirak gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.
“Bütün dünyada olduğu kimi, ölkəmizdə də pandmeiyanın səbəb olduğu məhdudiyyətlərlə əlaqədar yarışlar təxirə salınmışdı. Əlbəttə ki, ikiillik fasilədən sonra bu yarışlarda iştira etmək idmançılarımız üçün böyük əhəmiyyət daşıyır. Martda bədii gimnastika üzrə Azərbaycan çempinatı keçirildi, bu gün isə Bakı birinciliyi start götürüb. Birincilikdə gənc idmançılar üç yaş qrupunda mübarizə aparır. Yeni Olimpiya dövründə bədii gimnastikada yeni qaydalar qüvvəyə minib və bu gün idmançılar bu qaydalar əsasında öz proqramlarını təqdim edəcək.
Ümumilikdə, 27-ci Bakı birinciliyində 186 gimnast iştirak edir, onlardan 123-ü fərdi proqramda, 63-ü qrup komandaların tərkibində çıxış edəcək. Yarışda 14 komanda qrup hərəkətlərdə iştirak edir. Bu yarışda komanda hesabında da qaliblər müəyyən ediləcək”, - N.Məmmədzadə deyib.
O qeyd edib ki, gimnastikanın inkişafı Bakı ilə yanaşı, bölgələrdə də Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətinin prioritet istiqamətidir.
Baş katibin sözlərinə görə, bu gün Azərbaycanın 25 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir.
“Bu, əsasən, bədii gimnastikadır, amma biz çalışırıq ki, bölgələrdə digər gimnastika növləri də inkişaf etsin. Bölgələrdə gənc məşqçilər işləyir. Onlar bir neçə il özləri yaxşı idmançılar olub, indi isə öz bilik və təcrübələrini gənc gimnastlarla bölüşürlər” - o əlavə edib.
Qeyd edək ki, mayın 3-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin birinci günü start götürüb.
(Tərcümə: Orxan Nəbiyev)