Bakı. Trend:
Bu gün Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə
Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunu
üzrə “Şuşa Kuboku”nun final görüşü keçiriləcək.
Trend-in məlumatına görə, final
görüşündə “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda
mübarizə aparacaq.
Xatırladaq ki, qrup oyunları nəticəsində 3 güc səbətindən eyni
reytinqə sahib olan komandalar arasında A Qrupunda yer alan
“Sərhədçi Dilbaz” və “Polad” komandaları, B Qrupundan isə “Buta
Qolden” və “Köhlən” komandaları yarımfinala vəsiqə qazanmışdır.
Yarımfinal oyunlarında “Buta Qolden” komandası “Sərhədçi Dilbaz”
komandası üzərində 5-3 hesablı, “Polad” komandası isə “Köhlən”
komandası üzərində 4-0 hesablı qələbə qazanmışdı.
“Sərhədçi Dilbaz” və “Köhlən” komandaları arasında “Şuşa Kuboku”nda 3-cü yer uğrunda mübarizə isə “Sərhədçi Dilbaz” komandasının 5-0 hesablı qələbəsi ilə yekunlaşmışdı.