...

Bakıda Ağdaş və Abşeron gimnastlarının təlim-məşq toplanışı keçirilir (FOTO)

İdman Materials 14 Dekabr 2022 18:04 (UTC +04:00)
Bakıda Ağdaş və Abşeron gimnastlarının təlim-məşq toplanışı keçirilir (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında gənc idmançılar, Ağdaş və Abşerondan olan bədii gimnastika nümayəndələri üçün təlim-məşq toplanışı keçirilir.

Trend xəbər verir ki, dekabrın 12-dən başlayan təlim-məşq toplanışında Ağdaş və Abşeron Olimpiya idman komplekslərində fəaliyyət göstərən bədii gimnastika bölmələrini təmsil edən 11 gənc idmançı iştirak edir. Təlim-məşq toplanışı dekabrın 17-dək davam edəcək. Məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.

Ağdaş və Abşeron Olimpiya İdman Komplekslərinin bədii gimnastika üzrə məşqçisi Aygül Babaşova Bakıda gimnastların məşq etməsi üçün gözəl şəraitin yaradıldığı Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirmək imkanına görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

"Təlim-məşq toplanışları gənc gimnastlar üçün böyük təcrübədir və hər bir təcrübə uğura aparan yoldur. Məşqlərdə biz alətlərlə işləməyi məşq edirik, idmançıların fiziki hazırlığını yüksəldirik. Təbii ki, hər bir gimnast yarışlarda iştirak etmək və yaxşı nəticə nümayiş etdirmək arzusundadır. İnanıram ki, bu məşqlər onların idmanda məqsədlərinin reallaşmasında mühüm rol oynayacaq”, - deyə o qeyd edib.

10 yaşlı gimnast Nərgiz Xəlilova böyük həvəslə məşq etdiyini qeyd edib: "Milli Gimnastika Arenasında ilk dəfədir ki, təlim-məşq toplanışındayam. Məşq zamanı yeni gimnastika elementlərini öyrəndim. Bu idman növünün gözəlliyinə və zərifliyinə görə bədii gimnastikaya aşiq oldum. Dörd yaşımdan məşq edirəm. Ümid edirəm ki, gələcəkdə məşhur idmançı olacağam, böyük turnirlərdə çıxış edəcəyəm”.

Qeyd edək ki, 2021-ci ildən Abşeron Olimpiya İdman Kompleksində, 2015-ci ildən isə Ağdaş Olimpiya İdman Kompleksində bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Respublikanın regionlarında gimnastikanın inkişafı çərçivəsində regionlardan olan idmançılar mütəmadi olaraq Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər. Bundan əvvəl Milli Gimnastika Arenasında Mingəçevir, Gəncə, Masallı, Şirvan, Kürdəmir və Şəkidən olan gimnastların təlim-məşq toplanışı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti