...

Ağstafada cüdo təlim mərkəzi istifadəyə verilib

İdman Materials 13 Yanvar 2023 05:35 (UTC +04:00)
Ağstafada cüdo təlim mərkəzi istifadəyə verilib

Bakı. Trend:

Azərbaycan Cüdo Federasiyasının (ACF) Ağstafa Olimpiya idman klubunun tərkibində yaratdığı cüdo təlim mərkəzinə baxış keçirilib. ACF-in prezidenti Rəşad Nəbiyev, Ağstafa ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şərait ilə tanış olublar.

ACF-dən Trend-ə bildiriblər ki, indiyədək Ağstafa rayonunda cüdo bölməsi olmayıb. Bu baxımdan, istifadəyə verilən mərkəz Ağstafada cüdo idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə inşa olunan idman qurğusunun ümumi sahəsi 450 kvadratmetr təşkil edir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Təlim mərkəzi idmançılar üçün bütün zəruri şərait ilə təmin edilib. Binada gözləmə otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin təlim mərkəzi müasir isitmə sistemi ilə təmin edilib. Burada ay ərzində 400 nəfərədək uşaq, yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcək.

ACF-in baş katibi Rəşad Rəsullu bildirib ki, Ağstafada inşa olunan ilk cüdo təlim mərkəzinin istifadəyə verilməsi rayonda cüdonun daha da kütləviləşdirilməsinə zəmin yaradacaq: “Əsas məqsədimiz regionda yaşayan uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə vermək və onların asudə vaxtlarının səmərəli təşkil edilməsini dəstəkləməkdir. Əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəklər”.

Baş katibin sözlərinə görə, ACF cüdo təlim mərkəzində fəaliyyət göstərəcək məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün də müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyədək Gəncə və Ağstafada istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala, Sabirabad və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3 minə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti