Bakı. Trend:
Yerli təşkilat komitəsi hazırkı turniri keçirməklə yanaşı, qarşıdakı mühüm beynəlxalq yarışlara da böyük şövqlə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə cümə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, Bakıda start götürən AGF Trophy Beynəlxalq turniri bu il Azərbaycanda gimnastika fənləri üzrə təşkil olunan 3-cü beynəlxalq yarışdır.
"Fevralda Bakıda batut gimnastikası üzrə Dünya Kuboku keçirildi, martda idman gimnastikası üzrə Dünya Kuboku baş tutdu, gələn həftə isə bədii gimnastika üzrə Dünya Kubokuna start veriləcək. Bu il Azərbaycanda təşkil olunan nüfuzlu yarışlardan biri mayda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatı olacaq", - deyə o əlavə edib.
N.Məmmədzadə qeyd edib ki, bədii gimnastika üzrə əvvəlki AGF Trophy beynəlxalq turnirlərindən fərqli olaraq, bu il yarışda gənclərlə yanaşı böyüklər də iştirak edir.
"Bakıda gənclər arasında AGF Junior Trophy Beynəlxalq turniri ilk dəfə 2018-ci ildə, daha sonra isə 2019-cu ildə keçirilib. Turnirdə ancaq gənc gimnastlar yarışırdı, bu il isə gənc gimnastlarla yanaşı, böyükyaşlı gimnastların da çıxışlarını izləyə bilərik", - deyə o vurğulayıb.
Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.
Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.