Bakı. Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası çoxnövçülükdə üçüncü yeri tutub.
Trend xəbər verir ki, Azərbaycan komandasının iki proqram üzrə (beş halqalı kompozisiya və üç lent və iki toplu kompozisiya) nəticəsi 65,750 bal olub.
Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıblar.
Qrup hərəkətlərində çoxnövçülük üzrə komandalar arasında birinci yeri Çin təmsilçiləri (70,500 bal), ikinci yeri İsrail komandası (67,500 bal) tutub.
Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.
Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.
Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.