...

Bakı-Quba-Rusiya avtomobil yolunda bərpa işləri (FOTO/VİDEO)

İqtisadiyyat Materials 3 Oktyabr 2016 17:54 (UTC +04:00)
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bərpa işləri aparılır.
Bakı-Quba-Rusiya avtomobil yolunda bərpa işləri (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bərpa işləri aparılır.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir-bərpa işləri Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər 3 km-lik məsafədə aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 km-lik hissəsində start verilib.

Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı karbonat materialı tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır. Səth və qrunt suların yoldan kənarlaşdırılması üçün təmir-bərpa işlərinin aparıldığı ərazidə yeni drenaj sisteminin də inşası aparılıb.

Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton töküləcək.

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində hərəkət təhlükəsizliyini təmin etmək üçün yolun dağılmış və deformasiyaya uğramış bütün hissələrinin bərpası istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti