Bakı. Trend:
Bu gün Lənkəranda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “Biznes planların hazırlanması” mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan və onun tərtib edilməsi, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.