...

"Aura" Sağlamlıq Mərkəzi güzəştlər, yeniliklər və yüksək xidmət baxımından fərqlənir

İqtisadiyyat Materials 5 Dekabr 2016 10:34 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” otelinin “Aura” Sağlamlıq Mərkəzinin meneceri Səbinə Yusifovanın müsahibəsi.
"Aura" Sağlamlıq Mərkəzi güzəştlər, yeniliklər və yüksək xidmət baxımından fərqlənir

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” otelinin “Aura” Sağlamlıq Mərkəzinin meneceri Səbinə Yusifovanın müsahibəsi.

- Səbinə xanım, hazırda Azərbaycanda otelçiliyin, o cümlədən SPA mərkəzlərinin inkişaf etdiyi, bu sahədə rəqabətin gücləndiyi bir şəraitdə, “Aura” Sağlamlıq Mərkəzi hansı xüsusiyyətləri ilə fərqlənir?

- Öncə qeyd edim ki, ümumi sahəsi 3500 m2-dən çox sahəyə malik olan “Aura” Sağlamlıq Mərkəzində bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar, böyüklər və uşaqlar üçün açıq və qapalı hovuzlar, açıq tennis kortu, skvoş kortu, tennis kortu, günəş terrası və yay bağı yerləşir. Qapalı hovuzun uzunluğu 25 metr, dərinliyi isə 1.70 metrdir. “Aura” Sağlamlıq Mərkəzi səhər saat 6-dan axşam saat 22.00-a qədər fəaliyyət göstərir. İkinci mərtəbədə yerləşən fitness zalının pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin kosmetik vasitələr verilir. Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir.

- “Aura” Sağlamlıq mərkəzində hansı idman dərsləri keçilir?

- “Aura” Sağlamlıq mərkəzində peşəkar məşqçilər tərəfindən yoqa, pilates, aerobika, boks, tennis, skvoş və üzgüçülük dərsləri keçirilir. İdman dərslərində iştirak etməklə idman növlərinə yüksək səviyyəli hazırlıq və inkişaf əldə etmək mümkündür.
Son zamanlar geniş populyarlıq qazanmaqda olan pilates bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Ümumiyyətlə, biz müştərilərimizin xoş və sağlam istirahət etməklərinin qayğısına qalırıq və bunun öhdəsindən çox uğurla gəlirik.

- “Aura” Sağlamlıq mərkəzində müştərilər üçün hansı güzəştlər tətbiq edilir?

- Hər ay mərkəzdə müxtəlif endirim aksiyaları keçirilir. Qadınlar və uşaqlar üçün xüsusi güzəşt paketləri var ki, bu da qiymət baxımından çox sərfəlidir. “Aura” Sağlamlıq mərkəzində qonaqlara onların arzuladıqları şəraiti yaradırıq və onların fərdi və ailəvi istirahətlərini təmin edirik. Qadınlar üçün həftənin 5 günü səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə “Aura” Sağlamlıq mərkəzindən istifadə etməsinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir.
Hazırda müştərilərimizin 60 faizini kişilər və 40 faizini isə qadınlar təşkil edir. İstəyirik ki, bu göstəricilər müvafiq olaraq 50\50 olsun. Mərkəzdə qadınlar üçün illik üzvlük haqqı kişiliər üçün olan üzvlük haqqından xeyli fərqlənir. “Aura” Sağlamlıq mərkəzinin üzvləri 5 yaşına qədər uşağı özləri ilə gətirə bilərlər.

- Daha hansı yeni aksiyalar keçirməyi planlaşdırırsınız?

- Dekabrın 1-dən yeni aksiyaya başlamışıq. Müştəri 3 aylıq üzvlük əldə edərsə, ona bir ay pulsuz əlavə olunur. Yəni belə bir halda, müştəri 3 aylıq üzvlük haqqı ödəməklə 4 aylıq üzvlüyə nail olur. 6 aylıq üzvlük haqqı alan əlavə olaraq 2 ay pulsuz qazanmış olur. Bir illik üzvlük alan isə əlavə 3 aylıq üzvlük qazanmış olur. Məsələn, hər istirahət otağında bütün özünəqulluq vasitələri var. Bunlardan hər bir müştərimiz sərbəst bir şəkildə yararlana bilər. Qeyd edilənlərdən əlavə, bizdə maşın üçün parkinq də çox əlverişli və rahatdır.

- Müştərilər həmişə dəyişikliyə meyilli olur. Onlar üçün daha hansı cəlbedici aksiyalar keçirirsiniz?

- Yaxın zamanda mərkəzimizdə peşəkarlardan ibarət bir personala malik gözəllik salonu açmağı planlaşdırırıq. Həmçinin, qonaqların “Aura” Sağlamlıq mərkəzinə rahat gəlib-getməsi üçün 17 nəfərlik “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti