Bakı. Trend:
Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Artıq əsaslı təmir olunmuş yollar 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, uzunölçülü relslərin qaynaqlanması prosesini ”Dəmiryolservis” MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlma Qatarının kollektivi həyata keçirir. Müəssisənin bazasının gücləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. 800 metrlik uzunölçülü relslərin (pletlərin) hazırlanması prosesinə 22 fevral 2012-ci ildə start verilib, elə həmin ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılıb, 30 yanvar 2013-cü ildə istismara verilib.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsində qaynaq işlərini həyata keçirmək məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq istismara verilib. Bu texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.
Polad magistral boyu rahat və təhlükəsiz hərəkətin təmin olunmasında uzunölçülü relslərin tətbiq olunmasının böyük əhəmiyyəti var və bundan əldə edilən iqtisadi səmərəlilik artır. Belə ki, 25-metrlik relsləri bağlayan yanlıqlara, yanlıqların bolt və qaykalarına ehtiyac qalmır. Relslərin ucları sınmadığı üçün istismar müddəti uzanır. Vaqonların təkərlərinə və oxlarına düşən zərbələr, müqavimət olmadığı üçün enerji sərfiyyatı, ətraf mühitə vibrasiya və səs təsiri azalır. Hərəkət heyətinin sürəti artır və sərnişinlərin rahatlığı təmin olunur.Belə olan halda yola xidmət etmək asanlaşır, lokomotivlərin və vaqonların hərəkəti zamanı bəzi yeyilmə və sürtünmə halları azalır, relslərin ömrü uzanır.
24 saylı Salyan Rels-Qaynaqlama Qatarının rəisi İlqar Əliyevin verdiyi məlumatda bildirilir ki, müəssisədə 2016-cı ildə ümumilikdə R-65 tipli L-25 metrlik relslərdən 157,437 km uzunölçülü rels qaynaq edilib. Bundan 137,555 km müəssisədə stasionar şəraitdə mobil tipli səyyar qaynaq maşını ilə Gürcüstan respublikasında 19,88 km qaynaq olunub. Stasionar şəraitdə qaynaq olunmuş uzunölçülü relslərdən107 km Bakı-Böyük Kəsik istiqamətinə, 8,1 km Astara stansiyasına, 22,4 km isə BTQ-nin Gürcüstan hissəsinə yola salınıb. Eyni zamanda müəssisə 2017-ci ilə də uğurla başlayıb. Yanvar ayında 24,5 km uzunölçülü rels qaynaq olunaraq dəmir yollarına qoyulmaq üçün müxtəlif mənzillərə yola salınıb.
Bundan əlavə, müəssisəyə verilmiş təzə 30 ədəd platforma vaqonlarına ötürücü qurğular hazırlanaraq quraşdırılıb. Bununla da 2-ci 800 metrlik rels daşıyan qatarın quraşdırılması işi başa çatıb. İkinci rels daşıyan qatarın hazırlanması nəticəsində müəssisədə əmək məhsuldarlığı 2 dəfə artıb.
Xatırladaq ki, 24 saylı Salyan Rels-Qaynaqlama Qatarı 1961-ci ildə yaradılıb və uzunölçülü relslərin hazırlanması təmayüllüdür. Uzun illər Zaqafqaziya dəmir yolu üçün strateji əhəmiyyət daşıyıb. İndi müstəqil Azərbaycanın dəmir yolu nəqliyyatı üçün bu şərəfli missiyanı həyata keçirir.