...

Azərbaycandan meyvə-tərəvəz ixracını artıracaq AMİLLƏR

İqtisadiyyat Materials 7 Fevral 2018 07:45 (UTC +04:00)
Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracının artmasına səbəb olan amillər açıqlanıb.
Azərbaycandan meyvə-tərəvəz ixracını artıracaq AMİLLƏR

Bakı. Samir Əli - Trend:

Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracının artmasına səbəb olan amillər açıqlanıb.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Trend-ə və "Azernews" qəzetinə açıqlamasında bildirib ki, ölkə üzrə ümumi ixracın, о cümlədən meyvə-tərəvəz ixracının artırılması məqsədilə Azərbaycanın milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də ixracın stimullaşdırılması və dəstəklənməsi istiqamətində çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: "Artıq bu tədbirlərdən bəzilərinin icrası yekunlaşdırılıb, bəzilərinin icrası isə davam edir. Hesab edirik ki, sözügedən istiqamətdə hədəflənən tədbirlərin icrası gələcəkdə Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarının həcminin artması ilə yanaşı, onların həm məhsul çeşidinin, həm də ixrac coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verəcək.

Ölkədə yerli istehsalın dəstəklənməsi və maliyyə təminatının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 nömrəli "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar bu sənədi əldə etdikdən sonrа 7 il müddətində mənfəət və gəlir vergisinin 50 faizini ödəməkdən azad edilib, həmçinin müvafıq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır. Eləcə də investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətində İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuları əlavə dəyər vergisi və gömrük rüsumu ödəmədən idxal edə bilərlər".

Nazir müavini əlavə edib ki, ölkədə fəaliyyət göstərən təsərrüfat subyektləhnin maliyyə resurslarına olan tələbatının güzəştli şərtlərlə ödənilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sözügedən sahəyə güzəştli kreditlər ayrılır: "Qeyd edək ki, Fondun fəaliyyət göstərdiyi müddət ərzində ayırdığı cəmi kreditlər içərisində kənd təsərrüfatının payı 90%-dən çox olub".

S.Babayev qeyd edib ki, Azərbaycan Prezidentinin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında " fərmanına əsasən, ölkədə ixracın artırılması və coğrafiyasının genişləndirilməsi, milli brendlərin yaradılması, kiçik və orta sahibkarlığın innovativ qabiliyyətinin artırılması, intensiv metodların geniş tətbiqi, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşması və yeni iş yerlərinin yaradılması məqsədilə indiyədək 28 rayonda 42 aqroparkın yaradılmasına başlanılıb, bunlardan 3-də birinci mərhələ üzrə işlər yekunlaşaraq istifadəyə verilib:

"Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanına əsasən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Qeyd edək ki, sözügedən Fond ölkədə sahibkarlıq subyektlərinin (o cümlədən meyvə-tərəvəz istehsalçılarının) bir sıra xərclərinin, eləcə də kredit faizlərinin bir qismini dövlət büdcəsi vəsaiti hesabına ödəyəcək. Bundan əlavə, ölkədə fəaliyyət göstərən meyvə və tərəvəz istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası fəaliyyətə başlayıb, о cümlədən bir neçə ayrı-ayrı meyvə-tərəvəz məhsulları (xurma, nar, fındıq və s.) üzrə istehsalçı və ixracatçıların assosiasiyaları təsis olunub. Qeyd edək ki, bu cür təsisatlar meyvə-tərəvəz ixracatçılarının təşkilatlanma səviyyəsinin yüksəlməsinə şərait yaratmaqla yanaşı, onların bir sıra xərclərinin azalmasına, eləcə də maliyyə resurslarına və ixrac bazarlarına çıxışın asanlaşmasına imkan verib ki, bu da nəticə etibarılə meyvə-tərəvəz ixracının artımına gətirib çıxarıb".

Son zamanlarda soğan ixracında artımın qeydə alınmasına da toxunan nazir müavini bildirib ki, Azərbaycanda istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi soğan üzrə də qlobal rəqabət qabiliyyətinin ilbəil yüksəlməsi onun xarici bazarlara uğurla ixracına imkan verib: "Belə ki, ötən ilin 11 ayı ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə soğan ixracı 16,4 dəfə artaraq 14,9 milyon dollar təşkil edib. Sözügedən dövr ərzində soğan ölkəmizdən əsasən Rusiya, İraq, Türkmənistan və Gürcüstana ixrac edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti