...

Naxçıvan investisiya reytinqinin lideridir (FOTO)

İqtisadiyyat Materials 25 Yanvar 2018 14:16 (UTC +04:00)
Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirilib.
Naxçıvan investisiya reytinqinin lideridir (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirilib.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının hökumət üzvlərinin, Caspian European Club və Caspian Energy İnternational Media Group-un nümayəndə heyəti tədbirdə iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov məruzə ilə çıxış edərək, regionun iqtisadi və sosial inkişaf sürəti barədə danışıb.

Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev Naxçıvan Muxtar Respublikasının investisiya reytinqində ilk yeri tutmasını və bununla bağlı tədbirin Heydər Əliyev Muzeyində keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Qeyd olunub ki, Caspian European Club dünyanın 70 ölkəsində investisiya reytinqi hazırlayır və hər bir ölkədə lider region seçir. 2017-ci il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində ilk pillədə qərarlaşması xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. T.Əliyev Klubun Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb.

Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

T.Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə, Ali Məclisin sədrinə Caspian European Club-un mükafatını təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: "Hər bir ölkə inkişafa nail olmağa çalışır. Lakin o ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi təmin olunub. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub".

Ali Məclisin sədri deyib: "Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırıb, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib, əhalinin rifah halı yaxşılaşıb. Ötən dövrdə istifadəyə verilən məktəb binaları, olimpiya idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

Qeyd olunub ki, bu gün ümummilli liderimizin arzuları ölkə Prezidentinin diqqət və qayğısı ilə həyata keçirilir. 25 ildən artıq bir dövrdə blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada sabitlik və inkişafa nail olunub, etibarlı müdafiə sistemi yaradılıb. Daxili imkanlardan səmərəli istifadə və həyata keçirilən iqtisadi islahatlar nəticəsində ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Şəhər və rayon mərkəzlərindən ən ucqar dağ və sərhəd kəndlərinə qədər, bütün yaşayış məntəqələri qazlaşdırılıb, mənzillərə fasiləsiz elektrik enerjisi verilir, əhaliyə dayanıqlı rabitə və sürətli internet xidməti göstərilir.

Ali Məclisin sədri sonra qeyd edib ki, dövlət başçısının qayğısı ilə bu gün Azərbaycanın bütün regionlarında davamlı inkişaf təmin edilib: "Sağlam rəqabət mühiti formalaşıb. “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxıb. Təbii ki, muxtar respublikamız bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, ümummilli liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olub.

Sonra Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirib.

V.Talıbov qazanılan nailiyyətlərdə əməyi olan bütün muxtar respublika sakinlərinə, sahibkarlara və dövlət qulluqçularına, əmin-amanlığın təmin olunmasındakı xidmətlərinə görə hüquq-mühafizə orqanlarına, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinə təşəkkür edib. O, sağlam rəqabət mühiti formalaşdırdığına, nəticələrin düzgün qiymətləndirilməsinə görə, “Caspian European Club”a da təşəkkür edib və əminliyini bildirib ki, reytinqin nəticələri muxtar respublikada yeni investisiyalar üçün geniş imkanlar açacaq, Naxçıvan Muxtar Respublikası bundan sonrakı illərdə də Azərbaycanın inkişafına öz töhfəsini verəcək.

Muxtar respublika ictimaiyyəti və ziyalılar adından adından Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxış edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Caspian Energy İnternational Media Group tərəfindən tərtib olunmuş Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin lideri olub. İnvestisiya reytinqi ölkədə keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirir. Regionlar 18 göstərici üzrə 6 qrupa bolünür – sosial-demoqrafik xüsusiyyətlər, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti