...

Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (FOTO/VİDEO)

İqtisadiyyat Materials 12 Fevral 2018 15:46 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Lənkəranın Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, körpü Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyindən ayrılan və Əşlə kəndinə gedən yolun 1-ci kilometrində, Lənkərançay üzərində yerləşir.

Uzunluğu 42 metr, eni 4.5 metr və 3 aşırımlı olan dəmir-beton konstruksiyalı körpü 2 ay inşa edilib. Avtomobil körpüsü A-8, NQ-60 hesabi yükünə hesablanıb.

Tikinti işləri çərçivəsində körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu işlər bünövrənin sel daşqınları zamanı sıradan çıxmasının qarşısını almağa hesablanıb. Betonlama işləri yekunlaşandan sonra körpünün üstü asfaltlanıb.

Qeyd edək ki, sözügedən körpü ötən il oktyabrın əvvəllərində intensiv yağıntılardan sonra dağılmışdı. Nəticədə rayon mərkəzi ilə 15 kilometrlik məsafəsi olan kəndin birbaşa əlaqəsi kəsilmişdi. Sakinlər alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirdi.

Yeni tikilmiş körpü 2 minə yaxın əhalisi olan 4 yaşayış məntəqəsini – Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də yerli sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti