...

Orxan Məmmədov: Azərbaycanda sənaye potensialının reallaşdırılmasında elmi-innovativ ideyaların biznesə inteqrasiyası vacibdir (FOTO)

İqtisadiyyat Materials 5 May 2018 12:36 (UTC +04:00)
Bu gün Gəncə şəhərində “II Milli Sənaye Mühəndisliyi Forumu” adlı tədbir keçirilib.
Orxan Məmmədov: Azərbaycanda sənaye potensialının reallaşdırılmasında  elmi-innovativ ideyaların biznesə inteqrasiyası vacibdir (FOTO)

Gəncə. Trend:

Bu gün Gəncə şəhərində “II Milli Sənaye Mühəndisliyi Forumu” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət orqanlarının və ali təhsil müəssisələrinin, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov bildirib ki, ölkədə sənaye potensialının reallaşdırılması və bu istiqamətdə inkişaf perspektivlərinin müzakirə edilməsi baxımından forumun əhəmiyyəti böyükdür.

O.Məmmədov qeyd edib ki, forum təkcə sənaye mühəndisliyi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və mübadiləsi ilə kifayətlənməyəcək, eləcə də, sənaye potensialının reallaşdırılmasına yönəlik elmi-innovativ ideyaların biznesə inteqrasiyası istiqamətində mühüm platforma rolunu oynayacaq.

Agentliyin icraçı direktoru bildirib: "Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə reallaşdırılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olaraq kiçik və orta sahibkarlığın inkişafı hər zaman diqqət mərkəzində olmuş, bu istiqamətdə geniş islahatlar həyata keçirilmişdir. Aparılan islahatların ardıcıllığının təmin olunması, habelə, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılmışdır. Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evləri”ndə təşkilini, əlaqələndirilməsini, qiymətləndirilməsini və tənzimlənməsini vahid və xüsusi səlahiyyətli qurum kimi həyata keçirəcək".

O.Məmmədov əlavə edib: "Əsas məqsədimiz sahibkarlığın inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılması, KOB-un rəqabətqabiliyyətliliyinin və iqtisadiyyatdakı rolunun artırılması, ölkədə istehsal olunan iş və xidmətlərin bütün mümkün hissəsinin, xüsusilə intellektual hissəsinin KOB-un və nəticədə, innovasiyaların inkişafı yolu ilə yaradılmasına nail olunması, KOB-un məşğulluğun təmin edilməsindəki rolunun artırılması, biznes subyektlərinin ixrac etdikləri malların ölkənin ümumi ixracındakı payının artırılmasına nail olmaqdır. Bütün bu tədbirlərin həyata keçirilməsi nəticəsində kiçik və orta sahibkarlığın ÜDM-də və məşğulluqda payının yüksəldilməsi qarşımızda hədəf olaraq müəyyən edilmişdir".

Onun sözlərinə görə, hazırda Agentlik formalaşma mərhələsindədir və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün səmərəli mexanizmlər yaradılmaqdadır.

O.Məmmədov qeyd edib ki, innovasiya yönümlü sahibkarlığın inkişafı Agentliyin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edəcək:"Son illər bu istiqamətdə əhəmiyyətli irəliləyişlərə nail olunsa da qeyd olunan sahədə daha böyük potensial imkanların olması qənaətindəyik. Bu potensialın reallaşdırılmasına dəstək məqsədilə sahibkarlığa ümumi dəstək tədbirləri ilə yanaşı, xüsusi təşkilati modellər, o cümlədən, innovasiya mərkəzləri, texnoloji biznes inkubatorlar daxilində bir sıra xidmətlərin təmin edilməsi nəzərdə tutultur. Bu istiqamətdə ölkəmizin elm və tədris mərkəzləri ilə sıx əməkdaşlıq həyata keçiriləcək. Bu baxımdan, şəffav və müasir idarəetmə sisteminə malik olan Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa böyük önəm veririk".

Daha sonra Forum çərçivəsində “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti