...

Yaqub Eyyubov: Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir

İqtisadiyyat Materials 5 İyul 2018 00:18 (UTC +04:00)
Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir.
Yaqub Eyyubov: Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir

Bakı. Trend:

Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Mingəçevirdəki qəzanın araşdırılması ilə bağlı yaradılan Dövlət Komissiyasının sədri Yaqub Eyyubov iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə zamanı deyib.

Y.Eyyubov bildirib: “Məruzə edirəm ki, Mingəçevirdə yerləşən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarının birində baş vermiş qəza ilə bağlı Sizin tapşırığınıza uyğun olaraq “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevlə iyulun 3-də səhər saat 8-də Mingəçevir şəhərinə gedərək hadisə yerində birlikdə baxış keçirdik. Baxış zamanı müəyyən olundu ki, iyulun 3-də saat 10:17 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası”nın 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən min kiloqrama qədər yağ ətrafa axmış, yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, həmin kabellərin uzun illərdir istismar edilməsi yanğının intensivliyini bir qədər də artırmışdır. Eyni zamanda, qeyd edilməlidir ki, qəza baş verən vaxtda bu yarımstansiyaya xidmət edən stansiyanın 6-cı blokunda iş dayanmış, lakin ona verilən qaz dayandırılmadığından burada da yanğın baş vermişdir. Hər iki yanğın söndürülmüşdür. Bütün bunların nəticəsində işlək vəziyyətdəki enerji blokları və hava xətlərində qəza açılışları olmuş, stansiyada gərginlik tam itmiş və respublikanın elektrik enerjisinin əsas ötürücülərindən olan birinci “Abşeron” elektrik hava xətti ilə elektrik cərəyanı verilişi tam dayanmış, stansiyanın avtomatika və idarəetmə sistemi pozulmuşdur. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın rayonlarının elektrik enerjisi təminatında fasilə yaranmışdır.”

Komissiya sədrinin sözlərinə görə, yaranmış vəziyyət ilkin təhlil edildikdən sonra baş vermiş qəza ilə bağlı iyulun 3-də Prezident İlham Əliyevin tapşırığı və Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib: “İclasda qəzanın səbəbləri, nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər müzakirə olunmuş və bununla əlaqədar müvafiq vəzifələr müəyyən edilmişdir. İclasın sonunda - saat 19:00 radələrində enerji sistemində yenidən açılmalarla bağlı məlumat daxil olmuşdur. Yaranmış vəziyyətlə bağlı “Azərenerji” ASC-nin baş dispetçer məntəqəsinə gedərək enerji sisteminin yenidən dayanması səbəblərini araşdırmağa çalışmışıq. Dispetçerlər burada problemin aradan qaldırılması ilə məşğul olmuş və elektrik enerjisinin verilişi bərpa edildikdən sonra Sizin tapşırığınızla, ilk növbədə, xüsusi həyati əhəmiyyətli obyektlərə - xəstəxanalara, metroya, hava limanına, Neft Şirkətinə, “Gəncə Det.Al” alüminium şirkətinə və digər bu kimi obyektlərə elektrik enerjisinin verilməsi təmin edilmişdir. İyulun 4-də saat 4 radələrində isə ölkə üzrə tələbata uyğun gücün əldə edilməsinə nail olunmuşdur. Rusiya və Gürcüstandan da əlavə elektrik enerjisi alınmışdır”.

Y.Eyyubovun sözlərinə görə, qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika, Fövqəladə Hallar nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Neft və Sənaye Universitetinin mütəxəssislərindən ibarət ekspert komissiyası yaradılıb: “Komissiyaya rəhbərlik Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılmışdır. Komissiya işə başlamışdır, bir həftə ərzində araşdırma qurtarandan sonra nəticələr Sizə məruzə ediləcəkdir.

Cənab Prezident, icazənizlə “Azərişıq” ASC-nin elektrik təchizat sistemində baş vermiş fasilə ilə əlaqədar bir sıra dövlət müəssisələrində yaranmış vəziyyətlə bağlı aşağıdakıları məruzə etmək istərdim. Neft Şirkəti üzrə - hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanmışdır. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcəkdir. İlkin ehtimala görə görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcəkdir. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir”.

Y.Eyyubov qeyd edib ki, “Azərsu” üzrə - içməli su mənbələri, su emal qurğuları, su və kanalizasiya şəbəkələri sistemlərində qəza vaxtı dayanmalar olub: “Əsas qurğuların mühafizəsi tədbirləri həyata keçirilmiş, təhlükəsizlik təmin edilmiş, sıradançıxmanın və subasma hallarının qarşısı alınmışdır. Elektrik kəsilməsindən dərhal sonra su təchizatı, kanalizasiya qurğuları və şəbəkə sistemlərinin işçi vəziyyəti yoxlanılmış, sıradan çıxmış hissələrin bərpası, magistral və şəbəkə xətlərinin qəzalı hissələrinin təmiri üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Anbarlardakı mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, həyati əhəmiyyətli obyektlərin dayanıqlı su təchizatının, eləcə də əhalinin minimum su təchizatının təmin olunması üçün 100-dən artıq sudaşıyan maşın cəlb edilmişdir. Hazırda regionların su təchizatı tam təmin edilmişdir, Bakı şəhərinin tələbatına uyğun olaraq şəbəkə sistemlərinin fasiləsiz su ilə təchizatı səviyyəsi 92-93 faizdir. Anbarlardakı su ehtiyatlarının həcmi isə 45-50 faizdir. Şəbəkə sistemlərinin hidravlik rejimlərinin pozulması nəticəsində baş vermiş qəzaların aradan qaldırılması, tələbata uyğun su təchizatı və su ehtiyatı iyulun 5-dək tam təmin ediləcəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti