...

“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb

İqtisadiyyat Materials 17 İyul 2018 16:56 (UTC +04:00)

Bakı. Trend:

Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti "Skytrax" Azərbaycanın milli aviadaşıyıcısının "4 Ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu onu göstərir ki, “Azərbaycan Hava Yolları” (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir.

Bundan əlavə, AZAL aviaşirkəti “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olub. Azərbaycanın milli aviadaşıyıcısı Skytrax tərəfindən ilk dəfə belə yüksək ada layiq görülüb.

Ən yaxşı aviaşirkətlərin mükafatlandırılması mərasimi 2018-ci ilin 17 iyul tarixində Londonda World Airline Awards rəsmi tədbirində keçirilib.

"Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov dedi: "Skytrax kimi nüfuzlu təşkilat tərəfindən növbəti dəfə belə yüksək mükafata layiq görülmək bizim üçün qürurvericidir və böyük şərəfdir. Azərbaycanın milli aviadaşıyıcısının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi ölkə Prezidenti İlham Əliyevin mülki aviasiya sahəsinə göstərdiyi böyük diqqətin və qayğının göstəricisidir. Biz aviaşirkətin xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində çalışmağa davam edəcəyik".

Mükafatlara dair şərh verən "Skytrax" təşkilatının baş direktoru Edvard Pleysted qeyd edib: "Azərbaycan Hava Yolları"nın "Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət" nominasiyasının qalibi olması son dərəcə möhtəşəmdir. Aviaşirkət məhsulun keyfiyyəti və xidmət sahəsində təkmilləşərək nüfuzunu getdikcə artırır və müştərilərini Bakıdakı beşulduzlu hava limanında xidmət göstərərək sevindirməyə davam edir".

"4 Ulduz" reytinqinə layiq görülməzdən əvvəl müstəqil beynəlxalq auditorlar tərəfindən aviaşirkət göstərilən xidmətlərin keyfiyyətini və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən artıq meyar üzrə qiymətləndirilib. Sərnişinlər üçün mühüm olan aviaşirkət məhsulunun komponentləri - ümumilikdə aviaşirkətin saytı, saytda yerləşdirilən məlumatın məzmunu, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər qiymətləndirilib.

Eyni zamanda təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarədə sərnişinlər üçün əyləncə sistemi; heyət üzvlərinin xidməti geyim formaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə nəzərdən keçirilib. Rüsumsuz ticarət (duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, sərnişinlər üçün təyyarədə qidanın keyfiyyəti, oturacaqların rahatlığı və s. xidmətlərin qiymətləndirilməsi də diqqətdən kənarda qalmayıb.

Qeyd etmək lazımdır ki, cari ilin may ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu maksimal “5 ulduz” statusuna layiq görülüb və bununla da Skytrax World Airport Awards versiyası üzrə dünyada ən yaxşı 9 aviaşirkətin siyahısına düşmüş və postsovet ölkələrinin aviaşirkətləri arasında birinci yer tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti