...

Bakıda kənd təsərrüfatı sahəsində ticarət və xarici investisiyalara dair beynəlxalq konfrans keçirilir

İqtisadiyyat Materials 6 Sentyabr 2018 17:21 (UTC +04:00)
Konfrans çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, aqrar sektora investisiya imkanları, ərzaq təhlükəsizliyi və dəyər zənciri kimi məsələlərə dair məruzələr dinləniləcək.
Bakıda kənd təsərrüfatı sahəsində ticarət və xarici investisiyalara dair beynəlxalq konfrans keçirilir

Bakı. Trend:

Bakıda "Qafqazda və Mərkəzi Asiyada davamlı regional inteqrasiyanın təmin edilməsi üçün kənd təsərrüfatı sahəsində ticarət və xarici investisiyalar" mövzusunda beynəlxalq konfrans keçirilir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, konfrans nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və Almaniyanın İqtisadi Keçid Yaşayan Ölkələrdə Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnits İnstitutunun birgə təşkilatçılığı və Alman Elmi Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə təşkil edilib.

Tədbirdə Azərbaycanla yanaşı, Almaniya, İsveç, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Niderland Krallığı, İtaliya, Türkmənistan, Tacikistan, Özbəkistan, Pakistan və Sloveniyadan 50-ə yaxın mütəxəssis iştirak edir.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” ilə müəyyənləşdirilmiş tədbirlər barədə məlumat verib. Aqrar sahədə elmi tədqiqatların rolundan danışan Vilayət Vəliyev Azərbaycanda kənd təsərrüfatı sahəsinə investisiyaların cəlb olunması və ixracın genişləndirilməsinə, eləcə də bu sahələrdə elmi-tədqiqatların aparılmasına böyük dəstək göstərildiyini qeyd edib.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İxrac və Bazarlar Sektorunun iqtisadçısı Ekaterina Krivonos Gonzales kənd təsərrüfatı üzrə ticarət siyasətinə, Dünya Bankının nümayəndəsi xanım Kateryna Goyçuk Schroeder Mərkəzi Asiya ölkələrindən Çinə ixrac imkanlarına dair məruzə ilə çıxış ediblər.

Almaniyanın İqtisadi Keçid Yaşayan Ölkələrdə Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnits İnstitutunun nümayəndəsi aqrar sahədə həyata keçirilən analitik tədqiqatlar barədə məlumat verərək, bu sahədə xarici tərəfdaşlarla birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

İki gün davam edəcək konfrans çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, aqrar sektora investisiya imkanları, ərzaq təhlükəsizliyi və dəyər zənciri kimi məsələlərə dair məruzələr dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti