Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemində özünüməşğulluq proqramı iştirakçılarının hər birinin ayrıca kabineti olacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, iştirakçıya dair kabinetdə onun özünüməşğulluq proqramına müraciət etməsi və proqrama qəbulu, proqram çərçivəsində təlim kursu keçməsi, müdafiə etdiyi biznes-plan barədə məlumatlar yer alacaq. Proqram iştirakçısına biznes-planına uyğun şəkildə aktivlərin (mal və materialların) təqdim edilməsi prosesini əks etdirən məlumatlar, aktivləri qəbul etməsini və verilən aktivlərdən razılığını öz imzası ilə təsdiq etdiyi aktlar da orada yerləşdiriləcək. Həmçinin aktivlərin keyfiyyətini təsdiqləyən sənədlər (o cümlədən verilən mal-qaranın sağlamlıq vəziyyətinə dair baytarlıq arayışları), iştirakçının aktivləri qəbul edərkən öz razılığı ilə çəkilmiş video və foto materiallar da “Məşğulluq” altsistemindəki kabinetdə əksini tapacaq.
Proqram çərçivəsində yaradılmış təsərrüfatların hər rüb üzrə monitorinqlərinin nəticələri də altsistemə köçürüləcək. Misal üçün, vətəndaşa proqram çərçivəsində verilmiş heyvanlara necə qulluq göstərdiyi barədə onun şəxsi kabientində məlumat olacaq. Hər bir proqram iştirakçısının şəxsi kabinetinin ictimai açıqlığı təmin olunacaq ki, bu, eyni zamanda, proqramın icrasına ictimai nəzarətin güclənməsinə imkan verəcək. Beləliklə, özünüməşğulluq proqramı iştirakçılarının proqrama cəlb olunması prosesi, eləcə də onlara verilmiş aktivlər (o cümlədən mal-qara) ilə bağlı hər hansı sorğusu yaranan şəxs (o cümlədən KİV nümayəndəsi) həmin şəxsi kabinetə daxil olub sorğusuna cavab tapacaq.