Bakı. Trend:
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Planlaşdırma və kommersiya əməliyyatları üzrə vitse-prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi (MBA) ixtisası üzrə təhsil alan magistratura tələbələrinə seminar keçib.
BANM-dan Trend-ə verilən məlumata görə, o, BP şirkətinin fəaliyyəti, uzunmüddətli enerji perspektivləri, enerji keçidlərinin onilliklərdə təcrübəsi, Azərbaycanda elektrik istehlakının artması, Azərbaycanın bərpa olunan enerji payı, BP-nin az karbonlu gələcəyi təmin etməkdə rolu, az karbonlu bizneslərin qurulması ilə bağlı biliklərini və son tendensiyaları tələbələrlə paylaşıb. Seminarda həmçinin bərpa olunan enerjilər: BP Külək, BP Günəş, enerji mənbəli BP layihələri, “elektrik nəqliyyat doldurmalarında BP qidalandırıcı kimi” mövzularına toxunulub.
Seminarın sonunda vitse-prezident tələbələrin çoxsaylı suallarını cavablandırıb, həmçinin müxtəlif fikir mübadiləsi aparıb.
Qeyd edək ki, BANM MBA proqramını tələbələrə daha maraqlı etmək üçün dərslərdən başqa, xüsusi günlərdə cəmiyyətdə tanınmış və idarəetmədə xüsusi rolu olan rəhbər şəxslərlə görüşlər təşkil edir. “Professional Business Talks” (Profesional biznes müzakirələri) adlı bu sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır. Biznes sessiyalar tələbələrlə səmimi ortamda, qeyri-formal təhsil olaraq aparılır.