Bakı. Samir Əli - Trend:
Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların gediş-gəlişinin rahat təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.
Belə ki, avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib.
Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.
Yol boyu tələb olunan yerlərə su ötürücü boruların quraşdırılması tələb olunduğu üçün yol oyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub.
Hazırda yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri davam etdirilir. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilir. Yolun böyük hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılıb və asfaltlanma işləri aparılır. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır.
Yol boyu mövcud küvetlər tam dolduğu üçün, həmçinin yolun yuxarı maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi üçün beton küvetlərin tikintisi tələb olunduğu üçün 5 min paqon metr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunur, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istinad divarları tiklir, təhlükəli yerlərdə yol kənarına dəmir-beton qoruyucu bloklar düzülür.
Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan krpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.
Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişi həm də Quba rayonunda turizm imkanlarını genişləndirəcək.