Bakı. Samir Əli - Trend:
Azərbaycanda özəl sektorun ÜDM-də payı 84%-ə çatıb, ölkədə məşğul əhalinin 76%-i özəl sektorda çalışır.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə 142 min müəssisə və ya təşkilatın 91,4%-i və ya 130 mini məhz özəl sektorun payına düşür:
"İqtisadiyyatın şaxələndirilməsi və neft amilindən asılılığın aradan qaldırılması ilə bağlı tədbirlər sırasında kənd təsərrüfatı mühüm yer tutur. Bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5% artıb. Əlavə dəyərin 6,2%-i məhz kənd təsərrüfatının payına düşür. 2019-cu ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının faktiki qiymətlərlə dəyəri 6.9 milyard manat təşkil edib ki, onun da 3,4 milyard manatı heyvandarlıq, 3,5 milyard manatı isə bitkiçilik məhsullarının payına düşür. 2019-cu ilin 10 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4%, heyvandarlıq məhsullarının istehsalı isə 3,2% artıb".