...

Anar Bayramov: İqtisadi çətinliklər fonunda bir sıra vergi güzəştlərinin tətbiqi, stimullaşdırıcı addımların atılması çox vacib məsələdir

İqtisadiyyat Materials 22 Aprel 2020 14:42 (UTC +04:00)
Anar Bayramov: İqtisadi çətinliklər fonunda bir sıra vergi güzəştlərinin tətbiqi, stimullaşdırıcı addımların atılması çox vacib məsələdir

Bakı. Samir Əli - Trend:

Bütün dünyada COVID-19 virusunun geniş yayılması əhalinin sağlamlığına zərər vurmaqla yanaşı, dünya iqtisadiyyatında da bir durğunluq yaratdı, iqtisadi fəallığı azaltdı. Azərbaycanda isə dövlətin maliyyə dəstəyi həm maddi, həm də mənəvi cəhətdən öz sahibkarına sahib çıxmasıdır. İqtisadi çətinliklər fonunda bir sıra vergi güzəştlərinin tətbiq edilməsi, stimullaşdırıcı addımların atılması çox vacib məsələdir.

Bunu Trend-ə açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində bu virusun daha da geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət bir sıra qabaqlayıcı tədbirlər həyata keçirdi və bəzi qərarlar verdi:

"Xüsusi rejimli karantin dövrü elan edildi. Bu dövrdə işlərinin davam etdirilməsi zəruri olan fəaliyyət sahələri istisna edilməklə, bir çox iş yerləri bağlandı, vergi ödəyiciləri öz fəaliyyətlərini müvəqqəti saxladı. Bir sıra xərclər var ki, onlar mütləq vergi ödəyicisi tərəfindən ödənilməlidir. Bu isə sahibkar üçün çox ağır bir maddi yükdür. Bu iqtisadi çətinliklər fonunda, çətin bir dövrdə vergi ödəyicilərinə dövlət tərəfindən maliyyə dəstəyinin olması, bir sıra vergi güzəştlərinin tətbiq edilməsi, stimullaşdırıcı addımların atılması çox vacib məsələdir. Bu, həm maddi, həm də mənəvi cəhətdən dövlətin öz sahibkarına sahib çıxmasıdır".

Ekspert deyib ki, belə dəstək paketləri vergi ödəyicisinin dövlətə olan inamını daha da artırır və postpandemiya dövründə insanlarda intizamlı vergi ödəyicisi olmaq adına bir mənəvi məsuliyyət yaradır:

"Bəlli olduğu kimi, pandemiyadan zərər çəkən mikrosahibkara ödənilən maddi yardımın məbləği, onun keçən dövr ərzində dövlət büdcəsinə ödədiyi vergilərin miqdarından asılı olaraq dəyişdi. Belə olan təqdirdə, vergi ödəyicisi anlayır ki, daha çox gəlir qazandığı dövrdə ödədiyi vəsaitlər onun üçün əldən çıxmış vəsait deyil, çətin gündə ona geri dönən bir depozitdir. Bu yardımlar, güzəştlər vergi ödəyicisinin öz biznes fəaliyyətini dayandırmaması, daha çox ayaqda durması, zərərlərini qismən də olsa qarşılaması üçün verilən maddi və mənəvi bir köməkdir. Bu yardımlardan yararlanan vergi ödəyicisi öz fəaliyyətini dayandırmır, öz mütəxəssisləri olan əmək müqavilələrinə xitam vermir, iqtisadi fəallığın artdığı postpandemiya dövründə artıq onun yenidən biznesini davam etdirməsi üçün rahat olur".

A.Bayramov qeyd edib ki, sahibkar hər hansı səbəbdən öz fəaliyyətini müvəqqəti də olsa saxlayarsa, sonra yenidən fəaliyyətə başlamaq onun üçün çətin olur:

"Bəzi iqtisadi fəaliyyət sahələri var ki, (məsələn mebel istehsalı və təmiri, taxta məhsullarının istehsalı, avtomobillərin təmiri xidmətlərin göstərilməsi və s.) onların fəaliyyətinə hər hansı qadağa və ya məhdudiyyət tətbiq edilməyib. Lakin həmin fəaliyyətlər ilə məşğul olan vergi ödəyiciləri də dövlətin maliyyə dəstəyi paketindən yararlandılar. Həmçinin etiraf etmək lazımdır ki, özəl müəssisələr, vətəndaşlar, sahibkarlar, dövlət idarələrinin əməkdaşları, məmurlar da öz növbəsində mənəvi məsuliyyətlərini dərk edərək vətəndaşlıq borclarını yerinə yetirmək adına Nazirlər Kabineti yanında Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz yardımlarını əsirgəmədilər. Bu, artıq xalq ilə dövlətin birgə vəhdətidir, bir-birinə olan inamının göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti