...

“Azərkosmos”un sədri : Uğurlu idarəçi komandaya “çox sağ ol” deməyi vərdişə çevirməlidir

İqtisadiyyat Materials 4 İyun 2020 14:27 (UTC +04:00)
“Azərkosmos”un sədri : Uğurlu idarəçi komandaya “çox sağ ol” deməyi vərdişə çevirməlidir

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsi öncəki mərhələləri uğurla başa vuran 940 iştirakçı ilə işini davam etdirir. Onları qarşıda daha məsuliyyətli rəqabət mühiti gözləyir.

Müsabiqənin İşçi Qrupu tərəfindən müəyyənləşdirilən yüksək intellektual zəka, qərar qəbuletmə, risk və böhranın idarə edilməsi, idarəçiyə xas digər bacarıqların, xüsusən yarımfinal və final mərhələsində dəyərləndirilməsi mümkün olacaq. Nəhayət, bu kompetensiyalara malik qaliblər “Yüksəliş” müsabiqəsində yer alan İdarəçi Rəhbərlərlə birbaşa işləmək şansı əldə edəcəklər. Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) bir araya gəlib. Bu dəfə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev uğurlu idarəçiliyin əsas keyfiyyətləri, peşə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı sualları cavablandırıb.

- Uğurlu idarəçiliyin əsas xüsusiyyətləri hansılardır?

- Müasir iqtisadiyyatın əsas istehsal vasitəsi bilikdir. Bu biliyin yaradılması və paylaşılması könüllü bir prosesdir və insanların öz istəyi ilə bir araya gəlib əməkdaşlıq etməyini tələb edir. İdarəçilik nəzəriyyəsinə və şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, effektiv əməkdaşlığı şərtləndirən əsas amillər qarşılıqlı hörmət və inamdır. Yaxşı idarəçi ilk növbədə qarşılıqlı hörmət və inamın olduğu sağlam mühiti yarada bilən şəxsdir. Növbəti vacib məqam ideyadır. Yaxşı idarəçi gələcəyə baxışını aydın şəkildə ortaya qoymalı və insanları bu baxış, bu ideya ətrafında birləşdirə bilməlidir.

Nəhayət, komandanı formalaşdırarkən əmin olmalıdır ki, komanda bir-birindən fərqlənən və eyni zamanda bir-birini tamamlayan peşəkarlardan ibarətdir. İdarəçi bir həqiqəti anlamalıdır. Həyatda heç nə mükəmməl olmadığı kimi, o özü də mükəmməl deyil. Buna görə də güclü idarəçi özündən daha üstün, daha ağıllı insanları komandaya cəlb etməkdən çəkinməməlidir.

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (kitablar və ya vərdişlər)?

Komandanının effektiv idarə edilməsi idarəçidən ilk növbədə özünü idarəetməyi, başqa sözlə desək, özünü tanımağı, yəni zəif və güclü tərəflərini bilməyi tələb edir. Bəs yaxşı bunları necə müəyyən etmək olar? Zənnimcə, bu yolda ona üç vasitə kömək edə bilər. Birincisi, karyerasının hansı mərhələsində olmağından asılı olmayaraq idarəçi nəzəri biliklərini artırmalı və onları davamlı şəkildə tətbiq etməlidir. İkincisi, idarəçi tutduğu vəzifədən asılı olmayaraq həmkarlarından rəy almalı, bu rəyi analiz edib, ondan nəticə çıxarmağı bacarmalıdır. Yeri gəlmişkən, idarəçi özü də konstruktiv və müsbət rəy verməyi, iş əsnasında komandaya “çox sağ ol” deməyi vərdişə çevirməlidir. İdarəçinin özünü tanıması üçün üçüncü yol isə mentorunun olmasıdır. Fikir verin, hətta ən uğurlu, ən güclü idmançıların belə, məşqçiləri var. İdarəçilik də belədir. İdarəçinin də daima ona güclü və zəif tərəflərini göstərən, güclü tərəflərini daha da inkişaf etdirməyə və zəif tərəflərinin isə öhdəsindən gəlməyə kömək edən mentora ehtiyacı var.

- Yüksəliş müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

Yüksəliş proqramının əsas elementlərindən biri mentorlarla işdir. Əminəm ki, iştirakçılar onlar üçün yaradılmış bu imkanı düzgün dəyərləndirəcək və mentorların təcrübəsindən maksimum yararlanacaqlar!

https://www.youtube.com/watch?v=LGBFoes3qx4&feature=youtu.be

Məqalədə:
Xəbər lenti

Xəbər lenti