...

Azərbaycan pandemiyanın əhalinin həyat səviyyəsinə təsirlərini minimallaşdırmağı bacardı

İqtisadiyyat Materials 30 Dekabr 2020 16:17 (UTC +04:00)
Azərbaycan pandemiyanın əhalinin həyat səviyyəsinə təsirlərini minimallaşdırmağı bacardı

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən sosial islahatlar baş verən hadisələrin əhalinin həyat səviyyəsinə təsirlərini minimallaşdırmaqla uğur qazanıb.

Trend-in məlumatına görə, bunu 2020-ci ilin iqtisadi-sosial yekunlarından danışan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

V.Qasımlı bildirib ki, pandemiya dövründə həm özəl, həm də dövlət sektorunda 1 milyon 650 min vətəndaşın iş yerləri qorunub:

“İşsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə aylıq yaşayış minimumu məbləğində (190 manat) birbaşa ödənişlər verilib və aylıq minimum əmək haqqı məbləğində (250 manat) ödənişləri edən 90 min ictimai iş yerləri təklif olunub. Özünüməşğulluq proqramı çərçivəsində göstərilən dəstəyin də əhatə dairəsi genişləndirilib.

Belə ki, 12 min şəxsin cəlbini nəzərdə tutan proqramın cari il üzrə maliyyə yükü 45 milyon manat olub. 2020-ci ilin 11 ayında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib.

Bu məbləğ artımının 700 milyon manatdan çoxunun pensiya ödənişlərinin payına düşməsi 1,2 milyon pensiyaçının pensiyalarında 16,6 faizlik artım nəticəsində qeydə alınıb. Bu gün Azərbaycanda ödənilən pensiyaların minimum məbləği 233 manat, orta aylıq məbləği isə 300 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 330 manatdır.

Bu göstəricilərin növbəti il pensiyaların orta məbləği üçün 340 manata, yaşa görə pensiyanın məbləği üçün isə 370 manata qədər artacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanan minimum və orta aylıq pensiya göstəricilərinin beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə müqayisədə öncül mövqelərdədir. Azərbaycanda pandemiya şəraitində əhalinin hər nəfərinə düşən nominal gəlirlərin 2020-ci ildə təxminən 2 faiz azalması gözlənilir”.

V.Qasımlı vurğulayıb ki, 2020-ci ildə ünvanlı sosial yardım proqramının prosedurlar və qaydaları da sadələşdirilib, bununla da, proqramdan yararlanan şəxslərin sayında yarıya qədər artım müşahidə olunub:

“Mənzil-avtomobil proqramı da uğurla davam etdirilib. Belə ki, 2020-ci ildə rekord səviyyədə olmaqla azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Ümumilikdə bu günə qədər 9000-ə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Bundan başqa, 400 avtomobilin də şəhid ailələri və müharibə əlillərinə təqdim olunması ilə bu günə qədər 7 mindən artıq avtomobil verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti