...

Vahid əlaqələndirmə mərkəzlərinə 344 şəhid ailəsi üzvü və qazi müraciət edib

İqtisadiyyat Materials 6 Sentyabr 2021 14:41 (UTC +04:00)
Vahid əlaqələndirmə mərkəzlərinə 344 şəhid ailəsi üzvü və qazi müraciət edib

Bakı. Trend:

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmin müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 344 nəfər müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə xidmətlərin, ümumilikdə 7 qurum üzrə 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsinə xidmət edir.

Ötən dövrdə bu mərkəzlərə edilən 344 müraciətin bölgüsü:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 39 müraciət;

Müdafiə Nazirliyi üzrə 194 müraciət;
Səhiyyə Nazirliyi üzrə 17 müraciət;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 23 müraciət;
Yerli icra hakimiyyəti orqanları üzrə 29 müraciət;
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 42 müraciət;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə müraciət olmayıb.

Müraciətlər aidiyyəti qurumların nümayəndələri tərəfindən qəbul edilərək, onlara əlaqələndirilmiş şəkildə baxılaraq operativ qaydada xidmətlər göstərilib.

142 - Çağrı Mərkəzi tərəfindən isə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti ilə əlaqəli 95 müraciət cavablandırılıb.

Xatırladaq ki, vahid əlaqələndirmə mərkəzləri:

Yasamal, Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),
Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b),
Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzi (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.)
Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı "DOST" Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03)

fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti