...

Susay-Xınalıq avtomobil yolunun tikintisi aparılır (FOTO)

İqtisadiyyat Materials 11 Oktyabr 2021 12:26 (UTC +04:00)
Susay-Xınalıq avtomobil yolunun tikintisi aparılır (FOTO)

Bakı. Trend:

Susay-Xınalıq avtomobil yolunun tikintisi davam etdirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Alpan-Kürkün-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 24 km uzunluğa malik Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi ötən il yekunlaşdırıldı.

Hazırda bu yolun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq avtomobil yolunun tikintisi icra olunur. 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək.

Layihə üzrə Susay-Xınalıq marşrutu üzrə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib. Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilirək, çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilib.

Hazırda yol profilə salınır və yeni yol əsası inşa edilir. Əsasın tikintisi üçün lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunur. Yol əsası hazır olan hissələrə isə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir, sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin tikintisi aparılır.

Qeyd edək ki, hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə görülür.

Ümumi uzunluğu 58.8 km təşkil edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmasına imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti